Azərbaycan taekvondoçuları “US Open”də 2 medal qazandı
22 fevral 2011 09:11 (UTC +04:00)

Azərbaycan taekvondoçuları “US Open”də 2 medal qazandı

Lent.az-ın məlumatına görə, Texas ştatının Austin şəhərindəki nüfuzlu yarışda ilk dəfə iştirak edən olimpiya seçmə komandamızın 13 üzvündən Elvin Məmmədov (68 kq) və Ramin Əzizov (80 kq) gümüş medala sahib olub.
Gənclər arasında Avropa birinciliyinin və Dünya Kubokunun bürünc mükafatçı, həmçinin böyüklər arasında qitə çempionatının üçüncüsü Ramin Əzizovun yarımfinal döyüşü böyük diqqətə səbəb olub. Müxtəlif yaşlarda dördqat Avropa və iki dəfə dünya çempionu Aron Kuku məğlub edən Əzizov son iki ayda ikinci dəfə tanınmış ingiltərəli taekvondosçuya qalib gəlib. Digər idmançımız, gənclər arasında Avropa birinciliyinin bürünc mükafatçısı və dünya çempionatının gümüş mükafatçısı, eləcə də böyüklərin Avropa çempionatında və 21 yaşlıların Avropa birinciliyində üçüncü yeri tutan Məmmədov (74 kq) isə son dünya ikincisi kanadalıya qalib gəlsə də, meksikalı rəqibilə qızıl medal uğrunda görüşü əldən verib.
Qalan taekvondoçularımıza gəlincə, Samir Aydınov (58 kq), Fariz Əliyev (63 kq), Aydın Bəhməlov (+87 kq), Xəyalə Quliyeva (46 kq), Türkanə Tahirli (49 kq), Nigar Hacıyeva (53 kq), Səbinə Mikayılova (57 kq), Günay Ağakişiyeva (57 kq) və Yelena Abbasova (67 kq), həmçinin koreyalı legionerlər Kim Kvanqseokla (68 kq, kişilər) Kim Vonkyuq (67 kq, qadınlar) isə ən yüksək reytinqli turnirin medalçıları sırasına düşə bilməyiblər.

Bu heyət Cənubi Koreyanın paytaxtı Seulda olimpiya seçmə komandasının məşqçiləri Con Conqbay və Park Sunminın rəhbərliyi altında dörd həftəlik təlim-məşq keçərək birbaşa “US Open” turnirinə yollanıblar. Amerikadan Koreyaya qayıdan idmançılarımız fevralın 27-də Bakıya dönəcəklər.

Qeyd edək ki, “US Open” dünya reytinqində ən yüksək xal verən yarışdır və qaliblər aktivlərinə 20 xal əlavə edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 644

Oxşar yazılar