“Neftçi”nin futbolçusu: “Mən bunu başa düşə bilmirəm” - MÜSAHİBƏ
21 fevral 2011 17:53 (UTC +04:00)

“Neftçi”nin futbolçusu: “Mən bunu başa düşə bilmirəm” - MÜSAHİBƏ

Lent.az-ın məlumatına görə, makedoniyalı yarımmüdafiəçi daha çox Unibank Premyer Liqasının XXI turunda “Simurq”la keçirdikləri görüş barədə danışıb...

- “Simurq”la oyunda “Neftçi” 3:0 hesabı ilə qalib gəldi. Görüş necə keçdi?

- Açığı, Zaqatala təmsilçisinin belə zəif təsir bağışlayacağını gözləmirdim. Çünki Qyoko Haciyevskinin məşqçilik işinə bələdəm. O, Makedoniyada ən güclü mütəxəssislərdən biridir. Ancaq hazırkı komandası lazımlı oyunçuları transfer etmədiyi üçün “Simurq” çox zəif futbol nümayiş etdirir. Bu gedişlə çətin Premyer Liqada qalsın!

- Oyundan sonra rəqibin baş məşqçisi ilk iki qolda hakimlərin səhvə yol verdiyini vurğulayıb...

- Bax, mən artıq bunu başa düşə bilmirəm. Oyuna baxan hər kəs gördü ki, “Neftçi” rəqibindən beş baş üstündür. Necə ola bilər ki, matçda komandamız təqribən 70-75 faiz topa nəzarət edir, ondan artıq qol epizodu yaradır, ancaq rəqib hakimin səhvlərindən danışır. Yəqin ki, onlar oyunun videoyazısına baxdıqdan sonra yanlış düşündüklərini anlayacaqlar. Mən isə deyirəm ki, “Simurq”la görüş bizim üçün “asan gəzinti” idi. Hətta deyərdim ki, ilk dövrədəki komanda bizə 4:0 hesabı ilə məğlub olmasına baxmayaraq, son görüşdən daha yaxşı təsir bağışlamışdı.

- Oyundan sonra keçirilən mətbuat konfransında Qyoko Haciyevski konkret ilk qolun ofsayddan vurulduğunu bildirib...

- Matçdan dərhal sonra hər şey demək mümkündür. Həmin epizodun ofsaydla uzaqdan-yaxından əlaqəsi yoxdur. Rəşad Abdullayev sürəti hesabına rəqib müdafiəçini keçərək epizodu qola çevirdi. Belə vəziyyətdə bizim futbolçumuz 2 metrə yaxın məsafədən rəqibin arxasından çıxaraq onu keçirsə, necə ofsayd ola bilər!? Video görüntülərdə bu aydın görünür.

- “Neftçi” növbəti oyunda MOİK-lə qarşılaşır. Rəqib Premyer Liqanın autsayderlərindən biridir...

- Biz hər görüşə yalnız qələbə qazanmaq üçün çıxırıq. MOİK-lə oyun da istisna deyil. Bizi digər komandaların qazandığı nəticələr maraqlandırmır. Çünki hər görüşdə 3 xalı qazanmaqla çempion olacağımızı bilirik.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 569

Oxşar yazılar