İlk məğlubiyyət
21 fevral 2011 09:37 (UTC +04:00)

İlk məğlubiyyət

Lent.az-ın məlumatına görə, Asiya zonasında mübarizə aparan “Baku Fires” klubu Sərhədçi İdman Olimpiya Mərkəzində Cənubi Koraynın “Pohang Poseidons” komandası ilə qarşılaşıb.

Əvvəlcə rinqə çəkisi 54 kq olan boksçular çıxıb. Məhəmməd Abdulhəmidov rəqibin polşalı legioneri Lukaş Adam Maşçik üzərində qələbə qazanıb. İkinci görüşdə “Baku Fires”in heyətində rusiyalı Semyon Qrivaçyov WSB liqasında debüt edib. Ancaq Bahodirjon Sultonov onun debütünün uğurlu olmasına imkan verməyib. Dünya çempionatının mükafatçısı Sultonovun qələbəsindən sonra hesab bərabərləşib – 1:1.

Çəkisi 73 kq olan boksçuların döyüşündə də qələbə “Pohang Poseidons” klubunun nümayəndəsinin tərəfində olub. Moldovalı Viktor Kotijuanski “Baku Fires”in boksçusu Osman Əliyevi məğlub edib. Dördüncü döyüşdə rinqə Rizvan Əlimuradov və Abdelxafid Bençabla çıxıb. Bərabər mübarizə şəraitində keçən görüşdə hakimlər qələbəni rəqibin əlcəzairli idmançısına verib, 45:50, 45:50, 48:47. “Pohang Poseidons” 3:1 hesabı ilə önə keçdiyindən sonuncu döyüş artıq formal xarakter alıb. 91 kq-dan yuxarı çəki dərəcəsində “Baku Fires” klubunun üzvü Abdulqadir Abdullayev Çuaib Bulodinats üzərində qələbə qazansa da, bu yalnız təsəlli olub - 2:3.

Qeyd edək ki, bu komandamızın cari mövsümdə ilk məğlubiyyətidir. Lakin “Baku Fires” 25 xalla liderliyini davam etdirir. 2-ci yeri tutan “Astana Arlans” komandasının hesabında 19 xal var. Xalını 9-a çatdıran “Pohang Poseidons” qrupda 3-cü pilləyə yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 652

Oxşar yazılar