Avropa Liqası: Problemli “Beşiktaş” Kiyev “Dinamo”su ilə üz-üzə
17 fevral 2011 19:00 (UTC +04:00)

Avropa Liqası: Problemli “Beşiktaş” Kiyev “Dinamo”su ilə üz-üzə

Lent.az-ın məlumatına görə, Türkiyənin yeganə təmsilçisi “Beşiktaş” Ukraynanın “Dinamo” (Kiyev) komandasını sınağa çəkəcək.

Bakı vaxtı ilə saat 22:00-da başlanacaq qarşılaşmanı portuqaliyalı referi Pedru Proensa idarə edəcək. “Fiyapı İnönü” stadionunda baş tutacaq matçda “qartallar” yeni transferləri Simao Sabroza və Manuel Fernandesin xidmətindən yararlana bilməyəcək. Qaydalara əsasən, qış transfer dövründə aldığı 3 portuqaliyalı futbolçulardan birini oynatmaq hüququna malik “Beşiktaş” üstünlüyü hücumçu Uqo Almeydaya verib. Bununla yanaşı, əsas qapıçı Cenk Genen və müdafiəçi Erhan Güven zədə üzündən çıxış etməyəcəklər. Kapitan İbrahim Üzülməz isə komanda yoldaşı İbrahim Toramanla dalaşdığı üçün klubdan qovulub. Heyətindəki supertransferlərə rəğmən, “ağ-qaralar”ın Türkiyə Superliqasında işləri heç də qaydasında deyil. “Beşiktaş” son 6 qarşılaşmada cəmi 1 qələbə qazanıb, 2 heç-heçə, 3 məğlubiyyətlə üzləşib və 6-cı pilləyə enib.

Kiyev “Dinamo”sunda isə zədələri hələ tam sağalmayan Gilyermo və Miloş Ninkoviç oynamayacaq. Bu iki komanda sonuncu dəfə 2002-ci ilin dekabrında UEFA Kubokunun 1/16 finalında üz-üzə gəlib. “Beşiktaş” “Dinamo”nu üstələyərək, növbəti mərhələyə yüksəlib. Həmin vaxt “qartallar”ın baş məşqçisi hazırda “Şaxtyor”un sükanı arxasında olan Mirça Luçesku olub.

Bu gün keçiriləcək oyunlar:


20:00. “Metallist” (Ukrayna) – “Bayer” (Almaniya)

22:00. “Beşiktaş” (Türkiyə) – “Dinamo” (Kiyev, Ukrayna)

22:00. BATE (Belarus) - PSJ (Fransa)

22:00. “Benfika” (Portuqaliya) – “Ştutqart” (Almaniya)

22:00. “Anderlext” (Belçika) – “Ayaks” (Hollandiya)

22:00. “Napoli” (İtaliya) – “Vilyarreal” (İspaniya)

22:00. “Lex” (Polşa) – “Braqa” (Portuqaliya)

00:05. “Bazel” (İsveçrə) – “Spartak” (Rusiya)

00:05. “Yanq Boyz” (İsveçrə) – “Zenit” (Rusiya)

00:05. PAOK (Yunanıstan) - MOİK (Rusiya)

00:05. “Sevilya” (İspaniya) – “Portu” (Portuqaliya)

00:05. “Sparta” (Çexiya) – “Liverpul” (İngiltərə)

00:05. “Lill” (Fransa) - PSV (Hollandiya)

00:05. “Reyncers” (Şotlandiya) – “Sportinq” (Portuqaliya)

Qeyd edək ki, artıq oyunlardan ikisi keçirilib. Fevralın 15-də baş tutan Aris (Yunanıstan) – “Mançester Siti” (İngiltərə) matçında hesab açılmayıb - 0:0. Rusiyadakı sərt hava şəraiti səbəbindən bu gün Bakı vaxtı ilə saat 16:00-da keçirilən “Rubin” (Rusiya) – “Tvente” (Hollandiya) görüşündə isə Tatarıstan təmsilçisi öz müydanında 0:2 hesabı ilə məğlub olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 623

Oxşar yazılar