Rəşad Sadıqov: “Elə məsələlər var ki, mənə hələ də qaranlıqdır” - FOTO
15 fevral 2011 17:54 (UTC +04:00)

Rəşad Sadıqov: “Elə məsələlər var ki, mənə hələ də qaranlıqdır” - FOTO

Sadəcə, jurnalistlərin hamısına fikirlərimi eyni anda çatdırmaq və ayrı-seçkilik etməmək üçün mətbuat konfransı keçirməyə qərar verdim”. Lent.az-ın məlumatına görə, Türkiyənin “Eskişehirspor” komandasından “Qarabağ” klubuna qayıdan Azərbaycan millisinin futbolçusu Rəşad Sadıqov jurnalistlərlə görüşə bu sözlərlə başlayıb.

Tədbirdə 29 yaşlı müdafiəçi “Eskişehirspor”dan ayrılmasının səbəblərinə aydınlıq gətirib. O ötən il oktyabrın 11-də Türkiyə yığmasının qapısına qələbə topunu vurduqdan sonra Eskişehir komandasının start heyətindən kənarda qalması barədə iddiaları təkzib edib. Klubun sabiq baş məşqçisi Rza Çalımbayın istəyilə transfer olunduğunu bildirən Sadıqov Türkiyə ilə oyunadək də ehtiyatda qaldığını xatırladıb: “Əksinə, Türkiyənin qapısına qol vurduqdan sonra əsas heyətdə yer almağa başladım. Amma sonradan zədələndim və əsas heyətdəki yerimi itirdim. Qış toplanışı müddətində keçirdiyimiz yoldaşlıq görüşlərində əsas heyətdə idim. Hətta ikinci dövrənin ilk turunda da ilk “11-lik”də meydançaya çıxmışdım. Qış transfer dövründə Türkiyənin 2 klubunun təklifini rədd etdim. Onlara karyeramı “Eskişehirspior”da davam etdirəcəyimi bildirdim. Lakin sonradan ehtiyatda oturmağa başladım. Hələ də bunun səbəbini bilmirəm. Baş məşqçi Bülənt Uyğun Safet Nadareviçə güvənməyə başladı. Düşünürdüm ki, “Qalatasaray”a 2:4 hesabı ilə uduzduğumuz oyundan sonra Uyğun mənə şans verər. Lakin onunla söhbətdə başa düşdüm ki, yenə Nadareviçə şans verəcək. Baş məşqçi ilə söhbətdən belə anladım ki, klubun gələcək planlarında mən yoxam. Uyğun açıq-aşkar bildirdi ki, yenə Nadareviçə şans verəcək. Mənə isə “bəlkə 1-2 oyunda oynadın” dedi. Mərkəz müdafiəçisi elə mövqedir ki, həmişə dəyişmək olmur. Ehtiyatda qalmağım isə tədricən oyun praktikasını itirməyimə səbəb olurdu. Macarıstanla yoldaşlıq oyununda özümü tanıya bilmirdim. Fiziki baxımdan problemlərimiz yoxdur. Məşqlərdə də yorulmurduq. Çünki Uyğunun hər məşqi cəmi 1 saat çəkirdi. Problemim fiziki göstəricilərimlə bağlı idi. Nadareviçin məndən yeganə üstünlüyü boyunun ucalığında idi. Ondan heç də zəif deyildim. Amma necə desəm, Nadareviçə rəqabətdə uduzduğum anlamına gəlir”.

Təcrübəli futbolçunun “Eskişehirspor”dan ayrılmasına isə “Qarabağ”dan aldığı təklif təkan verib. Sadıqovun sözlərinə görə, Ağdam klubundan təklif gəlməsəydi, karyerasını elə Türkiyə komandasında davam etdirəcəkdi. “Qarabağ”ın istəyini “Eskişehirspor”un baş məşqçisi Bülənt Uyğuna və klubun prezidenti Halil Ünala çatdırdıqda isə ona qarşı real münasibət ortaya çıxıb: “Mən Uyğuna oynamaq istədiyimi deyərək, “Qarabağ”a keçmək fikrimi çatdırdım. O da karyerama zərər olmasını istəmədiyini dedi və razılaşdı. Açığı, baş məşqçidən belə cavab gözləmirdim. Halbuki klub prezidenti məni buraxmaq istəmirdi. Onunla danışıqlardan sonra maliyyə məsələlərində müəyyən anlaşmazlıq ortaya çıxdı. Klub rəhbərliyi sentyabrda mənə ilkin ödəniş aldığıma dair sənədə qol çəkdirmiş və bir həftəyə ödəyəcəklərinə söz vermişdi. Lakin həmin pulu Bakıya gəlməmişdən bir həftə öncə almışdım. “Qarabağ”a qayıdanda isə aldığım pulu ödədim və “Eskişehirspor” məni buraxdı”.

Təcrübəli futbolçu “Eskişehirspor”dakı karyerası ərzində özünə də qaranlıq görünən hallarla üzləşdiyini etiraf edib: “Elə məsələlər var ki, mənə də qaranlıq qaldı. Mən “Eskişehirspor”a yeni transfer olanda yanıma mərkəz müdafiəçisi axtarırdılar. Amma vaxt keçdikcə, özüm də ehtiyata düşdüm. Bunun səbəbi mənə hələ də qaranlıq qalıb”.

Azərbaycana qayıdışının mənfi cəhətlərinin daha çox olduğunu deyən Sadıqov bildirib ki, son dəqiqəyə qədər gəlmək istəmirmiş: “Bilsəydim ki, Superliqanın ikinci dövrəsində 7-8 tur “Eskişehirspor”un əsas heyətində yer alacağam, gəlməzdim. Lakin Uyğunun mənim barəmdə mövqeyini bildikdən sonra orada qalmaq istəmədim. Onun özünə də dedim ki, əvvəlcədən fikrini bildirsəydin, alternativ variantlar axtarardım. Geri addım atıb “Qarabağ”a qayıtmazdım. Təbii ki, qayıdışımın müsbət tərəflərindən çox mənfi cəhətləri var. Özüm həmişə xarici çempionatlarda çıxış etməyin tərəfdarı olmuşam. Türkiyə çempionatında çıxış etdiyim ilk klub “Kayserispor” olub. Açığı, oradan ayrılmağım səhv addım idi. Ailə problemlərinə görə Bakıya qayıtmışdım. “Kocaelispor” Superliqada qala bilmədiyi üçün ayrıldım. “Eskişehirspor”dan ayrılmağımda isə ailə məsələlərinin heç bir rolu olmayıb”.

Yenə legioner həyatı yaşamaq istədiyini deyən yığmamızın kapitanı buna görə “Qarabağ”la uzunmüddətli müqavilə bağlamadığını açıqlayıb. Sadıqov 29 yaşından sonra xarici çempionatda çıxış etmək üçün gec olmadığını söyləyib: “Fabio Kannavaro 32 yaşında “Real Madrid”ə keçdi. Nəyə görə mən də xarici klubda yenidən forma geyinməyim? Kannavaro ilə özümü eyni səviyyəli saymıram. Amma İspaniya çempionatı ilə Türkiyə Superliqası da eyni səviyyəli deyil”.

Lakin “Qarabağ”ın köhnə-yeni transferi Türkiyə və Rusiya çempionatları arasında seçim etmək imkanı olarsa, ikincisinə üstünlük verəcəyini açıqlayıb: “Əvvəllər “Alaniya” məni istəyirdi. Kazbek Tuayevlə məsləhətləşdikdən sonra razılıq vermədim. Amma indi həmin komandadan təklif olsa, gedərəm. Mahir Şükürovun Türkiyə komandalarındakı ab-havanın Rusiya klublarındakından pis olduğu barədə fikirləri ilə razıyam. Mən də Türkiyə və Rusiya çempionatları arasında seçim imkanım olsa, ikincisinə üstünlük verəcəyəm”.

Bununla belə, Rəşad Sadıqov “Eskişehirspor”un baş məşqçisi Bülənt Uyğunu çox güclü mütəxəssis kimi dəyərləndirib. Sadıqovun sözlərinə görə, indiyədək işlədikləri baş məşqçilər arasında Uyğun ən güclüsüdür: “İstərdim ki, o, Azərbaycanda da çalışsın. Əslində özü də işsiz vaxtlarında ölkəmizdə işləmək istəyib. Lakin real təklif olmadığı üçün gəlməyib”.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 765

Oxşar yazılar