“Neftçi” və “Xəzər Lənkəran” fanatları stadionda 80 oturacaq sındırıblar
15 fevral 2011 13:05 (UTC +04:00)

“Neftçi” və “Xəzər Lənkəran” fanatları stadionda 80 oturacaq sındırıblar

Bu haqda Lent.az-a mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib.

Onun sözlərinə görə, oturacaqlardan təqribən 50-si “Xəzər Lənkəran”, 30-u isə “Neftçi” azarkeşlərinin olduğu sektorda qırılıb. İsmayılov bildirib ki, azarkeşlər plastik kresloların üstünə çıxaraq oyuna baxır, atılıb-düşürlər. Bu zaman oturacaqlar ağırlığa dözməyərək qırılır. Stadion direktoru dəyən zərəri daxili imkanlar hesabına aradan qaldıracaqlarını söyləyib: “Təki belə maraqlı görüşlər çox olsun. Qırılan oturacaqların dəyişdirilmə xərclərini də bu cür oyuna bağışlayıram”.

Lakin arena rəhbəri gələcəkdə belə halların qarşısını almaq üçün klub rəhbərləri ilə danışıqlar aparacağını da vurğulayıb: “Oturacaqlar “Neftçi” və “Xəzər Lənkəran” fan-klublarının olduqları sektorlarda qırılıb. Buna görə də klub rəhbərləri ilə söhbət edəcəyik ki, belə halların qarşısını alsınlar”.

Qeyd edək ki, “Neftçi” – “Xəzər Lənkəran” matçı 0:0 hesablı heç-heçə ilə nəticələnib.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 843

Oxşar yazılar