“Xəzər Lənkəran”da 7 ilə 70 legioner
14 fevral 2011 16:08 (UTC +04:00)

“Xəzər Lənkəran”da 7 ilə 70 legioner

Lent.az-ın məlumatına görə, Simao Bruno, Andrey Mureşan, Adrian Pit, Xristu Kiaku, Adrian Skarlatake, Culius Vobay, Elnur Abdullayev, Aleksandr Pitsurka karyeralarında ilk dəfə “ağ-yaşıl” formada meydançaya çıxıblar. Bununla da Lənkəran komandasında indiyədək çıxış etmiş futbolçuların sayı 121-ə çatıb. Yenilərdən yalnız Abdullayev yerli futbolçudursa, digərləri legionerdir. Bu isə o deməkdir ki, “Xəzər Lənkəran”ın 7 illik tarixi ərzində 70 əcnəbi komandanın formasını geyinib. “Neftçi” ilə qarşılaşmayadək 63 legioner bunu bacarmışdı. Bu görüşdə hamıdan gec – 90-cı dəqiqədə meydana çıxan Pitsurka “Xəzər Lənkəran” tarixinə yubiley – 70-ci legioner kimi düşüb.


Yeddi debütant legionerdən 5-i Rumıniyanı, 1-i Portuqaliyanı, 1-i isə Syerra-Leoneni təmsil edir. Afrika ölkəsindən olan Vobay klubun tarixinə ilk syerra-leoneli kimi düşüb. İndiyədək 25 ölkədən gələn futbolçulara güvənən Lənkəran komandası üçün bu ölkə 26-cı olub.


Simao isə “Xəzər Lənkəran”a Portuqaliyadan gəlmiş 2-ci futbolçudur. Rumıniyalı “5-lik” isə öz ölkələrinin təmsilçilərinin sayına görə vahid liderliyə yüksəldib. Artıq rumıniyalıların ümumi sayı 14-dür. Türkiyə 9, Braziliya 8, Belarus, Serbiya hərəyə 5, Bolqarıstan 4, Albaniya, Gürcüstan, Kolumbiya, Portuqaliya, Litva hərəyə 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Rusiya, Slovakiya, Argentina, Kosta-Rika, Latviya və Syerra-Leone “Xəzər Lənkəran”da hərəyə 1 futbolçu ilə təmsil olunub.


Qeyd edək ki, “Xəzər Lənkəran” hazırda Unibank Premyer Liqası adlanan Azərbaycan çempionatının yüksək liqasında 2004-2005-ci il mövsümündən çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 626

Oxşar yazılar