“Neftçi” – “Xəzər Lənkəran”: Maraqlı, amma qolun çatışmadığı oyun
14 fevral 2011 09:36 (UTC +04:00)

“Neftçi” – “Xəzər Lənkəran”: Maraqlı, amma qolun çatışmadığı oyun

Lent.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş qarşılaşmada “Neftçi” 6 yerli, 5 əcnəbi futbolçu ilə çıxıb.

Azərbaycanlı oyunçular arasında gənc Mirhüseyn Seyidovla Cavid İmamverdiyev də yer alıb. Əcnəbilərdən isə Braziliya “Santos”undan alınan Rodriginyonun, eləcə də Yasin Himanın debütü baş tutmayıb. Əvəzində Denis Silva, İqor Mitreski, Slavço Georgievski, Flavinyo, Bahodir Nasimov sonadək meydanda olublar.

“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik isə 13 yeni transferdən 6-na – Simao Bruno, Andrey Mureşan, Adrian Pits, Xristu Kiaku, Adrian Skarlatake və Culius Vobaya start heyətində, 2-nə - Elnur Abdullayev və Aleksandr Pitsurkaya isə fasilədən sonra oynamaq imkanı yaradıb.

Qarşılaşma qol epizodları ilə zəngin və kifayət qədər maraqlı alınıb. Hər iki klubun oyun ərzində fərqlənmək üçün dəfələrlə əlverişli imkanı olub. Xüsusən, syerra-leoneli Vobayın fəallığını qeyd etmək lazımdır. Onun kosta-rikalı hücumçu Uinston Parksla anlaşması yüksək səviyyədə olub. “Neftçi”də isə Bahodir Nasimov iki epizodda qol vurmaq imkanı əldə etsə də, zərbə anını ləngidərək yerə yıxılmaqla baş hakim Vüsal Əliyevdən penalti umub. Lakin referi belə oyunlarda nəinki şübhəli penalti qərarının, hətta çoxsaylı sarı vərəqələrin böyük qalmaqala yol açma ehtimalını göz önünə alıb. Təsadüfi deyil ki, baş hakim oyun ərzində cəmi 3 dəfə sarı vərəqəyə əl atıb. Bunlardan ikisi isə 80-ci dəqiqədə mübahisə edərək, komanda yoldaşlarını da insidentə cəlb edən Denis Silva ilə Elnur Abdullayevin “pay”ına düşüb.

Komandaların meydançada daha da gözəl oyun sərgiləməsinə küləkli hava şəraiti də mane olub. Sonadək qarşılıqlı hücumlar təşkil edən rəqiblər qapılara yol tapa bilməyiblər. Beləliklə, maraqlı görüşdə yalnız qol çatışmayıb və oyun elə başladığı kimi də yekunlaşıb – 0:0.

“Həmişəki kimi gərgin oyun keçdi. “Neftçi” yüksək səviyyəli oyunçulardan qurulmuş təşkilatlanmış komandadır”. Bu fikirləri oyundan sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik mətbuat konfransında deyib.

Rednik komandasından razı qaldığını bildirib: “Oyunçularımdan ümumiyyətlə razı qaldım. Onu da qeyd etmək lazımdır ki, “Xəzər Lənkəran artıq yenilənmiş komandadır, 13 yeni oyunçu cəlb etmişik. Bundan başqa yığma komandada iştirak edən 4 oyunçu da yalnız 2 gün əvvəl komandamıza qoşulub. Odur ki, uyğunlaşma ilə bağlı bəzi problemlər qalmaqdadır. Komandamın bu gün 60 faiz hazır olduğunu hesab edirəm və düşünürəm ki, pley-off oyunlarına artıq 100 faiz hazır olacağıq”.

Rumıniyalı mütəxəssis xüsusən ikinci hissədəki oyundan razı qaldığını bildirib: “Nəticəni normal sayıram. Azarkeşlərə də təşəkkürümü bildirirəm ki, belə havada stadiona gəlib komandamıza dəstək oldular”.

Öz növbəsində “Neftçi”nin baş məşqçisi Arif Əsədov birinci oyunun həmişə çətin olduğunu vurğulayıb: “Bu oyun ətrafında böyük atmosfer var idi. Düşünürəm ki, görüşün gedişindən hamı razı qaldı. Fikrimcə maraqlı oyun alındı. Hər iki komanda yaxşı oyun nümayiş etdirdi. Öz komandama gəldikdə isə düşündüklərimizin 70-80 faizini reallaşdıra bildik”.

Əsədovun fikrincə, belə oyunlarla Azərbaycan futbolu qazanır: “Nə qədər belə oyunlar çox olsa çempionatın səviyyəsi daha da artacaq. Bu gün yenə risk edib, Cavid İmamverdiyev, Mirhüseyn Seyidov kimi gənclərə şans verdim. Onlar isə belə oyunlara hazır olduqlarını sübuta yetirdilər. Rəqibə gəlincə, "Xəzər Lənkəran" komplektləşmiş, güclü komanda təsiri bağışladı. Onlar liderliyə layiq komanda olduqlarını sübut etdilər".

Bu oyundan sonra “Neftçi” 42 xalla 1-ci, “Xəzər Lənkəran” isə 41 xalla ikinci pillədəki mövqeyini qoruyub.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 736

Oxşar yazılar