“Mübariz Mənsimov hər bir oyuna gələ bilər” – MÜSAHİBƏ
11 fevral 2011 16:42 (UTC +04:00)

“Mübariz Mənsimov hər bir oyuna gələ bilər” – MÜSAHİBƏ

“Xəzər Lənkəran” futbol klubunun vitse-prezidenti Tuyqun Nadirovun Lent.az-a müsahibəsi

- Qış transfer dövründə heyətinizə 12 yeni futbolçu qatmısınız. Bu qədər futbolçunun qısa zaman kəsiyində uyğunlaşma sarıdan problemi olmayacaq?

- Xeyr. Onlar peşəkar futbolçulardan ibarətdirlər. Aralarında milli komandaların nümayəndələri də var. Bu səbəbdən, problemlə üzləşəcəyimizi düşünmürəm.

- Amma komandanız Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplantısı müddətində keçirdiyi yoldaşlıq görüşlərində zəif təsir bağışladı...

- Zəif çıxış deyəndə, əgər yoldaşlıq görüşündə birdən-birə 10 futbolçu sınaqdan çıxarılırsa, aydın məsələdir ki, nəticəyə yox, onların durumuna önəm verilir.

- Həmin qarşılaşmalarda indi heyətinizə cəlb etdiyiniz futbolçuların çoxu iştirak ediblər. Onlar yoxlama matçında nəticə göstərə bilmirlərsə, rəsmi oyunlarda necə təsir bağışlaya bilərlər?

- Yoldaşlıq görüşlərində komandanın taktiki hazırlığına baxılıb. Bir futbolçu bir neçə mövqedə sınanıb. Antalyada 20 günədək təlim-məşq toplantısı olub. Heyətimizə cəlb etdiyimiz oyunçular hərtərəfli sınaqdan çıxarılıb, xeyli məşqdə iştirak ediblər. Yoxlama matçlarındakı nəticələr heç bir əhəmiyyət kəsb etmir. Nəticəni toplanış zamanı yox, çempionat oyunlarında, rəsmi qarşılaşmalarda qazanmaq lazımdır.

- Yəni yoxlama matçlarındakı uğursuzluqlarla bağlı komandaya heç bir iradınız olmayıb?

- Xeyr.

- Deyəsən, daha 2 oyunçu da almaq fikrindəsiniz?

- Ukraynalı qapıçı Yevgeni Kopil və braziliyalı yarımmüdafiəçi Dieqo Alves Oliveyra ilə danışıqlar davam edir. Hələlik ortada rəsmi bir şey yoxdur. Müqavilə bağlaya da bilərik, bağlamaya da. Qış transfer pəncərəsi fevralın 11-də bağlanır. Ona görə də yekun qərarımızı bu gün verəcəyik. Onları transfer edəsi olsaq, adlarını Peşəkar Futbol Liqasına verdiyimiz sifariş ərizəsinə əlavə edəcəyik.

- Bəs transferə çıxardığınız 10 futbolçudan neçəsi özünə klub tapıb?

- Onlardan Radomir Todorov “Bakı”ya keçib. Asif Məmmədov “”İnter”ə icarəyə verilib. Ramazan Abbasov isə “Gəncə”yə keçib. Qalanların keçidi ilə bağlı danışıqlar gedir.

- Fevralın 13-də “Neftçi” ilə Unibank Premyer Liqası matçına çıxacaqsınız. Bu oyundan nə gözləyirsiniz?

- Yalnız qələbə! Artıq bu gün komandamız Bakıya gəlir. Oyun öncəsi bir məşq olacaq. O da yəqin ki, matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

- Klubunuzun fəxri prezidenti Mübariz Mənsimov oyunu izləyəcək?

- O, istədiyi vaxt hər bir oyuna gələ bilər.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1502

Oxşar yazılar