Rəşad Sadıqov “Eskişehirspor”la məşqə çıxdı
10 fevral 2011 17:21 (UTC +04:00)

Rəşad Sadıqov “Eskişehirspor”la məşqə çıxdı

Ağdamın “Qarabağ” klubuna qayıdacağı gözlənilən Azərbaycan millisinin futbolçusu Rəşad Sadıqov fevralın 10-da Türkiyənin “Eskişehirspor” komandasının heyətində məşqə çıxıb. Bu haqda Lent.az-a 29 yaşlı müdafiəçinin özü məlumat verib.

Onun sözlərinə görə, “Qarabağ”la müqavilə bağlayıb-bağlamayacağı hələ bilinmir. O, hər şeyə yaxın saatlarda “Eskişehirspor”un prezidenti Halil Ünalla keçirəcəyi görüşdən sonra aydınlıq gələcəyini açıqlayıb. Hazırda Eskişehirdə olan “Qarabağ” rəsmilərinin də görüşdə iştirakı gözlənilir.

Sadıqov “Qarabağ” və “Eskişehirspor” arasında anlaşmanın əldə olunmasından danışmağın tez olduğunu bildirib: “Bu gün başqa proseslər gedir. Hələ məsələ həll olunmayıb. Ola bilər ki, bu günkü görüşdə həllini tapsın və ya sabaha qalsın. Yaxud da heç həllini tapmasın və mən “Eskişehirspor”da qalım. Hər halda vaxt daralır. Azərbaycanda isə qış transfer pəncərəsinin bağlanmasına cəmi bir gün vaxt qalıb”.

“Bəs Siz hansı klubda çıxış etmək istəyirsiniz və Azərbaycana qayıdışınız geriyə addım olmayacaqmı” sualını isə Sadıqov belə cavablandırıb: “Məgər mən Azərbaycana qayıtmışam ki, bunun karyerama necə təsir etdiyini söyləyim? Hansı klubda çıxış etmək istədiyimə gəlincə, bu barədə öz fikrim var. Onu da danışıqlar başa çatdıqdan sonra açıqlayacağam”.

Qeyd edək ki, Rəşad Sadıqov ötən ilin yayında “Eskişehirspor”la 2 illik müqavilə bağlayıb.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 779

Oxşar yazılar