Millimizin təsəllisi – “cəmi” 2 qol -
10 fevral 2011 10:47 (UTC +04:00)

Millimizin təsəllisi – “cəmi” 2 qol -

Lent.az-ın məlumatına görə, yığmamız bu dəfə Macarıstan millisinə uduzub – 0:2.

Qarşılaşma Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki “Əl Şabab” stadionunda keçirilib. Daha üstün oyun sərgiləyən Macarıstan yığmasının qollarını 37-ci dəqiqədə Gergeli Rudolf, 81-ci dəqiqədə isə Tamaş Haynal vurub. Yığmamızın start heyətində Kamran Ağayev, Rail Məlikov, Mahir Şükürov, Elnur Allahverdiyev, Vaqif Cavadov, Aleksandr Çertoqanov, Vurğun Hüseynov, Rəşad Sadıqov, Ruslan Abışov, Rahid Əmirquliyev və Murad Hüseynov yer alıb. Baş məşqçi Berti Foqts oyunun gedişində cəmi 3 oyunçu dəyişikliyinə əl atıb. 46-cı dəqiqədə Murad Hüseynovu Rauf Əliyev, Aleksandr Çertoqanovu Arif İsayev, Rail Məlikovu isə Cavid Hüseynov əvəzləyib.

Komandamız cəmi 3 real qol imkanı yaradıb ki, bunlardan 2-si standart vəziyyətdən sonra baş tutub. İlk yarıda Elnur Allahverdiyevin rəqibin cərimə meydançasına ötürməsindən sonra top qapı tirinə tuş gəlib. İkinci yarıda isə Ruslan Abışovla Vaqif Cavadovun yerinə yetirdiyi cərimə zərbələrini Macarıstan millisinin qapıçısı Qabor Kirali çətinliklə dəf edib. Əvəzində rəqibin daha çox fərqlənmək imkanı olub. İki epizodda qapıçı Kamran Ağayev hesabın böyüməsinə imkan verməyib. Beləliklə, Çernoqoriya ilə ötən il noyabrın 17-də keçirilmiş yoldaşlıq görüşündə olduğu kimi, bu dəfə də millimiz 0:2 hesabı ilə uduzub. Amma komandamız Macarıstan millisi ilə əvvəlki 4 rəsmi görüşdən fərqli olaraq, 3 və ya 4 top yox, cəmi 2 top buraxması ilə təsəlli tapa bilər.

Oyundan sonra yığmamızın baş məşqçisi Berti Foqts məğlubiyyəti belə şərh edib: “Rəqibimiz bu gün layiqli qələbə qazandı. Onlar daha sürətli oyun nümayiş etdirirdilər. Hiss olunurdu ki, futbolçuların çoxu Avropada oynayır. Onlarda qış fasiləsi olmadığından, futbolçuları formadadırlar. Bilirdim ki, bizi yaxşı, güclü rəqib gözləyir. Hücum qurduğumuz zamanı 2 səhvə yol verdik və nəticədə qollar buraxdıq. Ümid edirəm ki, futbolçularım bugünkü oyunda çatışmazlıqları görüblər. Klublarına qayıdandan sonra bunun üzərində çox işləməlidirlər. Mart ayında çempionatda artıq bir neçə tur oynanılacaq. Həmin vaxt komandamın yaxşı formada olacağına ümid edirəm”.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu martın 29-da keçirəcək. Həmin gün komandamız 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Belçika yığmasının qonağı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 478

Oxşar yazılar