“Xəzər Lənkəran”la oyun öncəsi “Neftçi”də 7 itki
08 fevral 2011 15:47 (UTC +04:00)

“Xəzər Lənkəran”la oyun öncəsi “Neftçi”də 7 itki

Lent.az-ın flaqmanın rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 8-də keçiriləcək məşq “Sərin” otelinin meydançasında olacaq. Komandanın hazırlıq prosesində 7 futbolçu iştirak etmir. Bunlar zədəli Paulius Qribauskas, Alessandro Viana da Silva və Emil Mpenza, həmçinin Azərbaycan yığmasının təlim-məşq toplanışında olan Rail Məlikov, Ruslan Abışov, Cavid Hüseynov və Amit Quluzadədir.


Zədəlilərdən biri, hazırda müalicəsini vətəni Braziliyada davam etdirən müdafiəçi Alessandro Viana da Silva fevralın 20-dək “Neftçi”nin düşərgəsinə qoşulacaq. O, həmin anı səbirsizliklə gözlədiyini açıqlayıb. Futbolçunu düşündürən əsas məsələ isə fevralın 13-də flaqmanın “Xəzər-Lənkəran”la qarşı keçirəcəyi oyundur: “Təəssüf ki, bu görüşdə komanda yoldaşlarıma kömək edə bilməyəcəyəm. Ancaq bilirəm ki, onlar bu matçda var güclərini ortaya qoyub qələbə qazanaraq, mənim yoxluğumu unutduracaqlar. Komandamız qış fasiləsində lazımlı transferlər həyata keçirib. Ürəyim onların yanındadır. Rəhbərliyin qarşımıza qoyduğu çempionluq hədəfinə çataçağımıza əminəm. Buradan “Neftçi”nin sadiq azarkeşlərini bu görüşdə komandamızı dəstəkləməyə səsləyirəm”.


Digər “sambaçı” Flavinyo isə özünü “Xəzər-Lənkəran”la görüşə tam hazır sayır: “Təbii ki, bu bir derbi oyunudur. Belə görüşlərdə uduzmaq hər zaman futbolçulara pis təsir edir. Biz bu oyunda mütləq qələbə qazanmalıyıq. Gözəl təlim-məşq toplanışı keçmişik. Komandamızın heyətinə güclü futbolçular cəlb edilib. Bu qələbə “Neftçi” üçün çox vacibdir. Bizim “Xəzər Lənkəran”la bir xal fərqimiz var, əgər qələbə qazansaq, bu fərq artacaq. Bu matça tam hazıram. Baş məşqçimiz şans versə, çalışacağam ki, meydanda 90 dəqiqə mübarizə aparmaqla komandama əlimdən gələn köməyi edim. “Xəzər-Lənkəran”la oyun mənim üçün çox vacibdir”.

Qeyd edək ki, “Neftçi” – “Xəzər Lənkəran” matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510

Oxşar yazılar