“Baku Fires”i “Astana Arlans”la görüşə yeni baş məşqçi çıxaracaq
04 fevral 2011 17:35 (UTC +04:00)

“Baku Fires”i “Astana Arlans”la görüşə yeni baş məşqçi çıxaracaq

Lent.az-ın məlumatına görə, fevralın 4-də bununla bağlı hər iki klubun nümayəndələri və boksçularının iştirakı ilə mətbuat konfransı keçirilib.

WSB liqasının supervayzeri Franko Falçinelli sabahkı görüşün böyük maraq doğurduğunu deyib. O, hakimlərin döyüşləri obyektiv idarə edəcəyinə və güclülərin qalib gələcəyinə ümidvar olduğunu bildirib. “Baku Fires” klubunun baş meneceri Rizvan Gənciyev komandanın yeni baş məşqçisi – Həmzət Ağayevi jurnalistlərə təqdim edib. Ağayevə vaxtilə milli komandamızın şərəfini qorumuş Ruslan Xairov və Həmid Hacıyev kömək edəcək. Əvvəlki baş məşqçi Yevgeni Kotov isə Azərbaycan millisinin sükanı arxasına keçib.

Hər iki komandanın boksçuları WSB liqasının supervayzerinin müşayiəti ilə çəki prosesini başa vurduqdan sonra jurnalistlərin suallarını cavablandırıblar. Həmzət Ağayev liderliyi qorumaq üçün əllərindən gələni edəcəyini bildirib: “Sabah bizi yenə də çətin görüş gözləyir. Baxmayaraq ki, buna qədər 2 dəfə bu rəqibi məğlub etmişik. Amma hər dəfə döyüş çox çətin alınıb. İnanıram ki, arenaya gələcək azarkeşləri sevindirə biləcəyik”

“Astana Arlans”ın baş meneceri Bolat Mankenov revanş arzusunda olduqlarını vurğulayıb: “İki dəfə “Baku Fires”ə uduzmağımıza baxmayaraq, nəhayət ki, bu komanda ilə döyüşdən üzüağ çıxacağımıza inanıram. “Astana Arlans” qazax dilində Astana qurdları (canavarları) anlamına gəlir. Qurdlar isə həmişə çətin vəziyyətdən çıxmağı bacarırlar”.

WSB liqasında şəxsi reytinqdə 1-ci yeri tutan ən ağır çəkili boksçumuz – Məhəmmədrəsul Məcidov bu dəfə də qələbə seriyasını qorumağa çalışacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 670

Oxşar yazılar