“Neftçi” Antalyaya ikinci səfərində bütün görüşlərində qalib gəldi
04 fevral 2011 12:41 (UTC +04:00)

“Neftçi” Antalyaya ikinci səfərində bütün görüşlərində qalib gəldi

Lent.az-ın məlumatına görə, flaqman Çernoqoriya çempionu “Rudar”la qarşılaşıb.

Oyun komandamızın qələbəsi ilə yekunlaşıb - 2:1. “Neftçi”nin qollarını 45-ci dəqiqədə Bahodir Nasimov, 47-ci dəqiqədə isə Rəşad Abdullayev vurub. “Rudar” 62-ci dəqiqədə bu qollardan birinin əvəzini çıxıb. Həmin qola Bojan İvanoviç imza atıb.

“Neftçi”nin yeni transferlərindən Rodriginyo və Vitali Kovalyov fasilədən sonra, Yasin Hima isə 65-ci dəqiqədə meydançaya daxil olub. Görüşü klub prezidenti Sadıq Sadıqov da izləyib.

Qarşılaşmadan sonra “Rudar”ın baş məşqçisi Neboyşa Viqnyeviç flaqmanın rəsmi saytına bunları deyib: “Neftçi” ilə matç çox ağır oldu. Mən onlardan belə güclü oyun gözləmirdim. Rəqib xüsusilə ilk 15-20 dəqiqədə çox yaxşı hücumlar qururdu. Düzdür, biz təlim-məşq toplanışına yenicə başlamışıq. Komandamdan razıyam. Ona görə ki, “Rudar” əsasən gənclərdən təşkil edilib. Həm də “Neftçi”nin gücü ilə müqayisədə, komandam bundan artıq heç nə edə bilməzdi. Hiss olunur ki, “Neftçi” təşkilatlanmış klubdur. Rəqibin heyətində kapitan Rəşad Abdullayevi fərqləndirərdim. O, oyun boyu yetirmələrimi təzyiq altında saxlamağı bacardı”.

“Neftçi” ikinci hazırlıq prosesindəki bütün qarşılaşmalarını qələbə ilə başa vurub. Əvvəli görüşlərdə flaqman Ukrayna “Arsenal”ını 2:1, Avstriya “Şturm”unu 2:0, Bosniya və Herseqovina “Çelik Zenitsa”sını 1:0 hesablı məğlubiyyətə uğradıb. Komandanın makedoniyalı yarımmüdafiəçisi Slavço Georgievski hazırlıq prosesinin gedişindən razı qaldığını bildirib: “Fiziki, taktiki baxımdan yaxşı hazırlaşdıq. Burada keçirdiyimiz hər 4 yoxlama matçında qələbə qazandıq. Təbii ki, nəticə də bizim üçün vacib idi. Çünki çempionatda qələbələr əldə etməliyik. Qələbəni heç də həmişə yaxşı oyunla qazanmırlar. Lap pis oynasaq belə, qalib gəlməliyik. Hələ mövsümqabağı Avstriya və Türkiyədəki təlim-məşq toplanışları zamanı 5-6 aydan sonra çox yaxşı durumda olacağımızı demişdim. Hazırda “Neftçi” sabit oyun nümayiş etdirir. Biz yalnız çempionluq haqqında düşünürük. Kollektivdə hamı bir-birini yaxşı başa düşür. Klub prezidenti, məşqçilər korpusu, oyunçular, inzibati işçilər - bir sözlə, hamı “Neftçi”nin qızıl medalları qazanmasına çalışır. İnanıram ki, çempionatın sonuna qədər hazırda qərarlaşdığımız birinci pilləni əldən verməyəcəyik”.

Qeyd edək ki, Makedoniya milli komandasının da şərəfini qoruyan Georgievski Premyer Liqanın arxada qalan hissəsində “Neftçi”nin heyətində hamıdan çox meydanda olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 680

Oxşar yazılar