Robinyo və Elanonun komanda yoldaşı “Neftçi”də
03 fevral 2011 15:07 (UTC +04:00)

Robinyo və Elanonun komanda yoldaşı “Neftçi”də

Lent.az-ın məlumatına görə, fevralın 2-də Antalyaya gələn yarımmüdafiəçi dərhal tibbi baxışdan keçib.

Ardından onunla 2 illik müqavilə bağlanılıb. Rodriqinyo axşam məşqinə də komanda ilə birgə çıxıb. Transferlə bağlı yeni klubunun rəsmi saytına açıqlama “Məni israrla “Neftçi”də görmək istədiklərinə görə, klub rəhbərliyinə və baş məşqçiyə təşəkkürümü bildirirəm. Düzü, bir az tərəddüd edirdim. Çünki mən “Santos”un heyətində oynayırdım və baş məşqçimiz də məni komandadan buraxmaq istəmirdi. Danışıqlar getdiyi bu aylar ərzində “Neftçi”, Azərbaycan, Bakı şəhəri ilə maraqlanmağa başladım. Azərbaycanda çıxış edən digər braziliyalı futbolçuların “Neftçi” haqqında fikirlərini öyrəndim. Onların hamısı “Neftçi”nin Azərbaycanın ən güclü klubu olduğunu bildirdilər. Ən əsası, Çempionlar Liqası və ya Avropa Liqasını hədəfləyən “Neftçi”nin heyətində məqsədimizə birgə çatacağımıza inanıram. Bir “ağ-qara” formanı digər “ağ-qara” formaya dəyişdiyim üçün çox şadam. Antalyaya gəlib, “Neftçi” ilə müqavilə bağlayarkən, klub prezidenti ilə səmimi söhbətimdə bir daha əmin oldum ki, seçimimdə yanılmamışam".

“Neftçi”nin prezidenti Sadıq Sadıqov isə bunları deyib: “Mənim Antalyada komandanın yanında olmağımın bir səbəbi “Neftçi”nin məşqlərini, oyunlarını izləmək, futbolçularla, məşqçilərlə görüşmək idisə, digər tərəfdən də qış transfer mövsümündə dəvət olunan oyunçularla müqavilələri bağlamaq idi. Əsas məqsədimiz söz verdiyim kimi, supertransferi reallaşdırmaq idi. Bu gün “Neftçi” azarkeşlərinə şad xəbər verə bilərəm. Artıq braziliyalı məşhur futbolçu Rodriqinyo “Neftçi”nin oyunçusudur. Dünya səviyyəli “Santos” klubunun heyətində çıxış edən futbolçunu Azərbaycana gətirmək heç də asan deyil. Ötən mövsümün sonunda 13-14 legionerlə yollarımızı ayırıb bu transferləri reallaşdıraraq, "Neftçi"nin hansı hədəflərə nail olmaq istədiyini açıq-aşkar göstərdik. Ən əsası, biz komandaya 15-20 legioner cəlb etmək istəmirik. Az sayda səviyyəli legionerlərin transferi, yerli gənclərin onlarla birgə heyətdə çıxış etməsi nəinki “Neftçi”, Azərbaycan milli komandası üçün də faydalıdır”.

Qeyd edək ki, 1982-ci ildə doğulan Rodriqinyo 19 yaşında “Atletiko Paranaense” klubunun heyətində Braziliya çempionu adını qazanıb. Ulduz futbolçu son mövsümdə “Santos”un heyətində 27 görüşdə meydana çıxıb və rəqib qapılarından 2 top keçirib. O, “Real” və Çelsi”nin sahib hücumçusu Robinyo, eləcə də “Fənərbağça” və “Qalatasaray” klublarında da çıxış etmiş Edu Drasena ilə Elano Blümerin “Santos”da komanda yoldaşı olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 655

Oxşar yazılar