Mahmud Qurbanov: “Fevralda tam fərqli “Bakı” görəcəksiniz” - MÜSAHİBƏ
02 fevral 2011 10:39 (UTC +04:00)

Mahmud Qurbanov: “Fevralda tam fərqli “Bakı” görəcəksiniz” - MÜSAHİBƏ

Lent.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi komandanın Türkiyənin Antalya şəhərində keçirdiyi təlim-məşq toplantısı, əhval-ruhiyyəsi və futbolçuların yeni məşqçi ilə münasibətləri barədə danışıb.

- Antalyadakı hazırlıq prosesi necə gedir?

- Bütün Azərbaycan azarkeşlərini salamlayıram. Hazırlıq prosesinə gəldikdə, komandamız gündə iki dəfə olmaqla intensiv məşqlər keçir. Bundan əlavə nəzəriyyə məşğələlərimiz olur. Həmçinin yoldaşlıq oyunları keçiririk. Yanvarın 31-də Rumıniya yüksək liqasında çıxış edən “Panduri” ilə oynadıq və qalib gəldik.

- Futbolçular yeni baş məşqçi ilə dil tapa biliblər?

- Baş məşqçimiz Aleksandr Starkov əsl peşəkardır, qısa zamanda futbolçuların rəğbətini qazanıb. Həm tələbkar, həm də ədalətlidir. Münasibətlər öz qaydasındadır, uşaqlar Starkova böyük hörmətlə yanaşırlar. Məşqçi hamıya şans verir, biz də can yandırırıq ki, etimadı doğruldaq.

- “Bakı”nın əsas komandasının təlim-məşq toplantısına dəvət olunan Nurlan Novruzov və Nicat Abdullayev barədə nə deyə bilərsiniz?

- Nurlan Novruzov və Nicat Abdullayevin hər ikisi istedadlı uşaqlardır. Onlarda böyük potensial görürəm. İnanıram ki, inkişaf edib, yüksək səviyyəli futbolçu kimi yetişəcəklər. Klubumuzda gənclərlə iş ən yüksək səviyyədə qurulub. Bunun nəticəsi kimi iki 18 yaşlı yetirməmiz artıq əsas komandaya cəlb olunub.

- Komanda Premyer Liqa və kubok oyunlarına hazırdırmı?

- Deməzdim ki, 100% hazırıq. Ancaq yaxın günlərdə daha yaxşı vəziyyətdə olacağıq. Komandada əhval-ruhiyyə yüksəkdir, uşaqlar "Bakı"nın formasını geyməyin məsuliyyətini anlayırlar. Sizi əmin edirəm ki, azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik. İnşallah, fevralda tam fərqli "Bakı" görəcəksiniz.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 673

Oxşar yazılar