Elman Rüstəmov: “Vüqar Həşimov yığmaya qaytarılacaq” - MÜSAHİBƏ
01 fevral 2011 18:51 (UTC +04:00)

Elman Rüstəmov: “Vüqar Həşimov yığmaya qaytarılacaq” - MÜSAHİBƏ

- “Şahmat evi”nin tikintisi ilə bağlı vəziyyət nə yerdədir?

- Layihələşmə prosesi gedir. Bu ay ərzindən layihənin yekun variantı bizə veriləcək. Biz isə onu hökumətə təqdim edəcəyik. Proses tam sürəti ilə gedir. Artıq yekun mərhələyə qədəm qoyulub.

- Harada tikiləcək?

- Yer haqda hələ dəqiq məlumat yoxdur. Amma güman edirik ki, şəhərin mərkəzində yerləşəcək.

- Vüqar Həşimovla bağlı nə xəbər var?

- Biz Vüqarla ayrıca söhbət etdik. Səmimi söhbətimiz oldu. Təbii ki, o, qayıtmaq haqqında öz fikrini bildirdi. Mən də həmişəki kimi, öz sözümü dedim: yığmanın qapıları həmişə onun üçün açıqdır. Vüqar yığmamızın aparıcı üzvlərindən biridir. Hesab edirəm ki, nə isə olubsa, onu unutmaq lazımdır. Mən bunu federasiya prezidenti kimi onun da nəzərinə çatdırdım. Həyatda hər şey olur, amma başlıca məsələ ölkə şahmatının, ölkə idmanının, yığma komandanın nüfuzudur. Əsas məsələ yüksək nəticələr göstərməkdir. Müəyyən incikliklər ola bilər. Gənclikdir, bunlar hamısı geridə qalmış olsun. Fikrimcə, Həşimov da bununla razıdır. Yəqin ki, yaxın vaxtlarda komanda bir yerə toplaşacaq.

- Bu il ilk dəfə “Sumqayıt Open” keçiriləcək. Bu yarış hansı səviyyədə olacaq?

- Bu suala cavab verməkdə çətinlik çəkirəm. Sadəcə, onu demək istəyirəm ki, biz turnirlərin sayını artırırıq. Onların səviyyəsinə olan tələbi yüksəldirik. Təkcə Bakıda yox, bütün regionlarda, bütün bölgələrdə şahmatın inkişafını və populyarlaşmasını dəstəkləyirik. 2011-ci ildə bir sıra belə turnirlər həyata keçiriləcək.

- Azərbaycanın kişilərdən ibarət yığma komandasının kapitanının adına nə vaxt aydınlıq gələcək?

- Bu istiqamətdə danışıqlar gedir. Biz yeni bir tsiklə daxil oluruq. Bu barədə düşünürük.

- Azərbaycan çempionatında Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov kimi daha səviyyəli kişi şahmatçılar iştirak etmirdilər. Bunu nə ilə əlaqələndirirsiniz?

- 2011-ci il şahmatçılar və yığma komandamız üçün çox mürəkkəb ildir. Komandamızın liderlərini iddiaçıların turniri gözləyir. Onlar öz qrafiklərinə və hazırlıqlarına uyğun olaraq, məşq edirlər. İdmanın başqa növlərinə də baxsanız, görərsiniz ki, pik turnirlərinin keçirildiyi illərdə həmin idmançılar öz qrafikləri ilə çalışırlar. Hesab edirəm ki, bu, doğrudur.

- Azərbaycanın qadınlardan ibarət yığma komandasına yeni baş məşqçi təyinatı gözlənilir?

- Biz bu barədə düşünürük. Namizədlərimiz var. Hələlik bu məsələni federasiyada müzakirə etməmişik. Təbii ki, müzakirələr aparıldıqdan sonra öz fikrimizi açıqlayacağıq.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 835

Oxşar yazılar