Arif Əsədov: “Transfer işləri ən yaxın günlərdə yekunlaşacaq” - MÜSAHİBƏ
30 yanvar 2011 22:24 (UTC +04:00)

Arif Əsədov: “Transfer işləri ən yaxın günlərdə yekunlaşacaq” - MÜSAHİBƏ

- Flaqman Antalyada keçirdiyi ikinci yoxlama oyununda ikinci qələbəsini qazandı. Avstriya "Şturm"u ilə görüş barədə nə deyə bilərsiniz?

- Təlim-məşq toplanışlarında adətən güclü klubları özümüzə sparrinq-rəqib seçirik. Bu gün oynadığımız "Şturm" da belə komandalardan idi. Oyun bizim diktəmizlə keçdi. Futbolçularımın hamısından razı qaldım. Yenə də əsasən birinci hissədə yaxşı oynadıq. İkinci hissədə taktiki dəyişikliyə əl ataraq, iki hücumçu ilə oynadıq. Ön xətdə Bahodir Nasimov - Emil Mpenza tandemini yoxladıq. Sonradan əvvəlki sistemə qayıdıb, bir hücumçu ilə davam etdik.

- Oyunun belə asan keçəcəyini gözləyirdiniz?

- Deməzdim ki, matç lap asan oldu. Sadəcə, erkən qollar vurub, 2:0 hesablı üstünlük qazandıq və qarşılaşmaya nəzarəti sonadək əldən buraxmadıq. Avstriyalılardan atletik futbol gözləyirdim. Ancaq onlar da texniki və sürətli futbola üstünlük verirdilər. "Şturm" güclü klubdur. Bu komandanın Avstriya çempionatında ikinci pillədə qərarlaşması təsadüfi deyil.

- "Şturm"un baş məşqçisi ikinci hissədə üstün olduqlarını deyib...

- Əslində, bütün matç ərzində təşəbbüs "Neftçi"nin tərəfində oldu. İkinci hissədə gənc futbolçuları meydançaya buraxdıqdan sonra da daha çox hücum edən tərəf idik. Hakim final fitini səsləndirəndə də, məhz bizim komanda hücumda idi.

- Ötən yoxlama matçında qol vuran Bahodir Nasimov bu gün dubl etdi. Demək olarmı ki, o, tam formaya düşüb?

- Yox. Hazırda Bahodir 60-65 dəqiqə meydanda olur. Eyni zamanda, Rəşad Abdullayev də tədricən daha çox mübarizə aparır. Zədədən təzə dönən Flavinyo "Şturm"la qarşılaşmada 35 dəqiqə meydanda oldu.

- Üç gün öncə "Arsenal"a qarşı keçirilən oyunla müqayisədə, bu dəfə "Neftçi"də hansı irəliləyiş hiss olunurdu?

- Oyun planında artım hiss edilirdi. Xətlərarası əlaqələr getdikcə yaxşılaşır. Gördüyünüz kimi, yenə gənclərə şans verdik.

- Hətta Malik Babayevi də mübarizəyə qoşdunuz...

- Bəli. Bu gənclərə 5-10 dəqiqə şans verməklə onların belə səviyyəli oyunlara uyğunlaşmalarına çalışırıq. Ümumiyyətlə, start heyətdə 7 yerli və 4 əcnəbi futbolçu yer almışdı. Həmin yerlilərdən Tərlan Quliyev, Ruslan Əmircanov, Mirhüseyn Seyidov və Cavid İmamverdiyevin 18-19 yaşları var. Bizdə oyun sxemi var. Oyunumuzu sırf sxemə uyğun qurduğumuzdan, onların yaşı, təcrübəsi ümumi işə mənfi təsir göstərmir. Yəni, oyunu sırf bir nəfərin üzərində qurmuruq. Hazırda 4 oyunçumuz milli komandanın düşərgəsindədir. Sevindirici haldır ki, oyun üslubumuza tam riayət olunur, oyun cizgisi itmir. Biz "Neftçi"yə uzun fasilədən sonra qızıl medallar qazandırmaq istəyirik. Həmçinin, flaqman Azərbaycan milli komandasına daha çox oyunçu verməyə çalışır. Üstəlik, gənc futbolçulara şans verməklə, "Neftçi"nin gələcəyini təmin etmək məqsədi güdürük. Komandaya bütün şəraiti yaratdığı üçün klub prezidentimiz Sadıq Sadıqova minnətdarlığımı bildirirəm. İnanıram ki, qarşımıza qoyduğumuz məqsədlərin hamısına çatacağıq.

- Transferlərlə bağlı nə yenilik var?

- İki futbolçunun transferini planlaşdırırıq. Onların transferindən sonra hər mövqedə iki eyni gücdə oyunçumuz olacaq. Transfer işləri ən yaxın günlərdə yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 693

Oxşar yazılar