İdmançıların rekord imkanları 5 ildən sonra tükənəcək
13 yanvar 2011 22:15 (UTC +04:00)

İdmançıların rekord imkanları 5 ildən sonra tükənəcək

Lent.az-ın “The Korea Herald”a istinadən verdiyi məlumata görə, son 50 ildə qaçış və üzgüçülük üzrə beynəlxalq yarış təcrübəsindən yararlanan koreyalı alim Çxan Yu San belə qənaətə gəlib.

Onun proqnozlarına əsasən, yeni dünya rekordları praktik olmayacaq: “Biz 2012-ci il London və 2016-cı il Rio-de-Janeyro olimpiadalarında hansısa yeni rekordların müəyyənləşdirilməsinin şahidi ola bilərik. Lakin bundan sonra yeni dünya nailiyyətləri üçün şanslar çox deyil”.

San hesab edir ki, insan orqanizminin imkanları 100 metrlik məsafəni 9,51 saniyəyə qaçmağa zəmin yaradır. Buna əsaslanan alim sprinterlərin belə nəticəyə 10,5 il sonra yaxınlaşa biləcəkləri qənaətinə gəlib.

Qeyd edək ki, hazırda 100 metrlik məsafədə rekord 24 yaşlı Useyn Bolta məxsusdur. Yamaykalı atlet 2009-cu il dünya çempionatında bu məsafəni 9,58 saniyəyə qaçıb. Bolt həmin çempionatda 200 metr məsafəni 19,19 saniyəyə, 2008-ci il Pekin olimpiadasında isə 4X100 metr-lik estafeti 37,10 saniyəyə qaçaraq, daha 2 rekorda imza atıb.

2007-ci ildə Fransada İdmanın Biomexaniki və Epidemioloji Araşdırmalar İnstitutu alimlərinin apardıqları genişmiqyaslı araşdırmalara əsasən, idmançıların yeni rekord imkanları yalnız 50 ildən sonra tükənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 934

Oxşar yazılar