“Fənərbağça” nümayəndələri Amit Quluzadəni aparmağa gəldi
12 yanvar 2011 17:38 (UTC +04:00)

“Fənərbağça” nümayəndələri Amit Quluzadəni aparmağa gəldi

Lent.az-ın flaqmanın rəsmi saytına istinadən verdiyi məlumata görə, onlar “Neftçi” rəsmiləri ilə görüşüblər.

Bu, hər iki klub arasında aparılan danışıqlar nəticəsində əvvəlcədən planlaşdırılmış görüş olub. “Fənərbağça”nın koordinatorları – Şenol Çorlu və Serdar Akın yarımmüdafiəçi Amit Quluzadənin transferində israrlı olduqlarını vurğulayıblar. “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov dünyanın tanınmış komandaları ilə əməkdaşlıq etməyi, gənc futbolçularımızın xarici ölkə çempionatlarında oynamasını klubun əsas strategiyalarından biri olduğunu bildirib, “Neftçi”də gənc və perspektivli futbolçulara hər zaman şans verildiyini diqqətə çatdırıb. Bu məsələlərə də həmişə önəm verdiklərini söyləyən “Fənərbağça” nümayəndələri gələcəkdə də perspektivli futbolçuların da İstanbula dəvət olunması və digər önəmli məsələlərlə bağlı “Neftçi”yə ikitərəfli əməkdaşlıq təklif ediblər. Görüşdə “Neftçi” və “Fənərbağça” klubları arasında ikitərəfli əməkdaşlıq barədə saziş imzalanması qərara alınıb.

Qeyd edək ki, Amit Quluzadə “Fənərbağça” klubunun nümayəndələri ilə birgə yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00-da) Antalya - İstanbul təyyarə reysi ilə Türkiyənin ən böyük şəhərinə yollanacaq. O, “sarı-lacivərdlilər”in düşərgəsində zədəsini müalicə etdikdən sonra məşqlərə qatılacaq. Yaxın günlərdə futbolçunun “Fənərbağça”ya keçidi ilə bağlı rəsmi müqavilə də imzalanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 711

Oxşar yazılar