Azərbaycan Şahmat Federasiyasından FİDE-yə ittiham
30 dekabr 2010 18:51 (UTC +04:00)

Azərbaycan Şahmat Federasiyasından FİDE-yə ittiham

Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov Lent.az-a açıqlamasında FİDE-ni “qeyri-müəyyən və hərdəmxəyal” mövqe tutmaqda suçlayıb.

O, belə mövqedən AŞF-nin çox narahat olduğunu bildirib: “Açığı, Beynəlxalq Şahmat Federasiyasının mövqeyindəki qeyri-müəyyənlik, ümumiyyətlə, hərdəmxəyallıq bizi çox narahat edir. Bu gün belə, sabah elə... Özləri yazdıqları və tətbiq etdikləri qaydalar toplusunu iki aydan, üç aydan bir çox asanlıqla dəyişirlər. Tsikl dövründə yarış qaydalarını dəyişirlər”.

AŞF rəsmisinin fikrincə, bunların hamısı yolverilməz hallardır. M.Məmmədov FİDE ilə münasibətlərinin yaxşı olduğuna və ölkəmizə əlavə iddiaçı yeri verdiklərinə görə FİDE daxilindəki təşkilati anlaşılmazlığa bir qədər yumşaq yanaşdıqlarını etiraf edib. Bununla belə, vitse-prezident gələcəkdə buna imkan verməyəcəklərini vurğulayıb: “İndiki məqamda Gənclər və İdman Nazirliyi ilə birgə belə qərara gəldi ki, qalmaqal yaratmayaq. Əlbəttə, bu, xoşagəlməz haldır. İl ərzində sən bir nəfərlə görüşə hazırlaşırsan, ilin sonunda isə başqası ilə oynamalı olduğunu deyirlər”.

Hər halda, M.Məmmədov dünya çempionluğu üçün hamını yenməyin gərəkliliyini etiraf edib, onun fikrincə, dünya çempionu olmaq üçün Maqnus Karlseni də, Vladimir Kramniki də, Levon Aronyanı da, Boris Gelfandı da udmaq lazımdır.

Federasiya rəsmisi iddiaçıların turnirində mübarizə aparacaq şahmatçılarımız Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun hazırlıq proqramı barədə də danışıb. Onun sözlərinə görə, hər iki təmsilçimizə AŞF və SOCAR tərəfindən yardım göstərilir, proqramın yerinə yetirilməsinə maliyyə ayrılır. Lakin M.Məmmədov hazırlıq proqramını gizli saxlamağın gərəkliliyini bildirib. O, fikirlərini şahmatçılarımızın birbaşa rəqibləri tərəfindən izlənilmələri ilə əsaslandırıb: “Məsələn, A qrossmeysterini çağırırsansa, bütün dünya onun hansı debütlər üzrə çalışdığını müəyyənləşdirir. Bunların içərisində müəyyən məsələlər üzrə qrossmeysterlə görüşləri də var. Bilirəm ki, həm Rəcəbov, həm də Məmmədyarovun idman hazırlığı var. Eyni zamanda hər hansı qrossmeysterlə qapalı matçların təşkili mümkündür. Yəni, onunla görüşlərin gedişi və nəticələri dünya şahmat ictimaiyyətinə elan oluna da bilər, olunmaya da. Amma mötəbər yarışlara hazırlıq dövründə bunları elan etmirlər”.

Qeyd edək ki, iddiaçıların turniri 2011-ci il mayın 3-dən 27-dək Rusiyanın Kazan şəhərində keçiriləcək. FİDE daha öncə görüşlərin Bakıda təşkili haqda qərar çıxarsa da, Ermənistan şahmatçısı Levon Aronyanın ölkəmizə gəlmək istəməməsi ilə əlaqədar turnirin məkanının dəyişdirilməsini məqsədəuyğun sayıb. Bununla belə, Azərbaycan tərəfi ölkəmiz üçün əlavə iddiaçı yerini saxlamağa müvəffəq olub. Bir qədər sonra norveçli qrossmeyster Maqnus Karlsen əsas diqqəti reytinq üzərində cəmləşdirmək və FİDE-nin tərtib etdiyi ən yaxşı oyunçular siyahısında birinci yeri özünə qaytarmaq istədiyini əsas gətirərək, iddiaçıların turnirindən imtina edib. Ali şahmat qurumu isə onun rusiyalı Aleksandr Qrişukla əvəzlənməsinə qərar verib.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 847

Oxşar yazılar