Bir çempionatın qiyməti: 50 milyard dollar!
03 dekabr 2010 13:07 (UTC +04:00)

Bir çempionatın qiyməti: 50 milyard dollar!

2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı üçün stadion tikintisi və infrastrukturun qurulması ölkəyə 50 milyard dollardan çox vəsaitə başa gələcək. Lent.az-ın “Kommersant”a istinadən verdiyi məlumata görə, bu məbləğ 2014-cü ildə Soçidə təşkil olunacaq Qış Olimpiya Oyunlarına sərf olunacaq vəsaitdən 20 milyard dollar çoxdur.

Rusiyanın sifariş kitabına əsasən, dünya çempionatının qarşılaşmaları 13 şəhərdə, o cümlədən, Moskva və Sankt-Peterburqda oynanılacaq. Matçlar 16 stadionda keçiriləcək. Onlardan yalnız “Lujniki” hazırdır. Həmin arenada açılış, yarımfinal və final görüşləri olacaq. Qalan stadionların inşası sıfırdan başlanacaq və ya yenidən qurulacaq.

FİFA materiallarına əsasən, stadion tikintisinə 3,8 milyard dollar xərclənəcək. Bunun 3 milyard dollardan çoxu federal və regional büdcədən sərf olunacaq. Rusiya turizm infrastrukturuna 11 milyard dollar sərmayə qoyacağına söz verib. Digər tərəfdən, 2018-ci ilədək 7,7 min km avtomobil, 2 min km dəmir yolu çəkiləcək. Moskva ilə Soçidən başqa şəhərlərdə uçuş-eniş zolaqlarının yenidən qurulmasına və yeni terminalların tikintisinə daha 1,4 milyard dollar xərclənəcək.

Rusiyanın baş naziri Vladimir Putin 2018-ci il dünya çempionatının hazırlıqlarına 10 milyard dollar sərf olunacağını söyləyib. Hökumət dövlət xərclərini minimuma endirmək üçün bu prosesə biznesmenlərin cəlb olunmasını məqsədəuyğun sayıb.

Qeyd edək ki, Rusiya 2018-ci il dünya çempionatının təşkilatçılıq hüququna dekabrın 2-də FİFA İcraiyyə Komitəsində keçirilmiş səsvermədə yiyələnib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 528

Oxşar yazılar