“Barselona” “Real”ı darmadağın etdi
30 noyabr 2010 11:35 (UTC +04:00)

“Barselona” “Real”ı darmadağın etdi

Lent.az-ın məlumatına görə, “Nou Kamp” stadionunda keçirilmiş qarşılaşmada “Barsa” 5:0 hesabı ilə qalib gələrək, turnir cədvəlində liderliyə yüksəlib.

Görüşün əvvəlindən sonunadək nəzarəti əldən verməyən kataloniyalılar ilk yarıda 2, fasilədən sonra 3 qol vurublar. Hesab artıq 10-cu dəqiqədə açılıb. Xavi fərqlənib. Bundan 8 dəqiqə sonra Pedro Rodriges ikinci topu vurub. İkinci hissə də “Barsa”nın hücumları ilə başlayıb. 55 və 58-ci dəqiqələrdə David Vilya “dubl” edib. Meydançaya sonradan daxil olan futbolçu Suares Xeffren isə əlavə edilən dəqiqələrdə yekun nəticəni müəyyənləşdirib.

Görüşün sonları gərgin anlara səhnə olub. İlk yarının ortalarında “Real”ın ulduzu Kriştianu Ronaldu rəqibin cərimə meydançasında yerdə qalsa da, baş hakim İtturalde Qonsales penalti təyin etməyib. Daha sonra Ronaldu “Barsa”nın baş məşqçisi Xosep Qvardiola ilə münaqişəyə girib. Qvardiola aut atmağa gələn portuqaliyalı yarımmüdafiəçiyə topu verməyib. Bundan qəzəblənən futbolçu baş məşqçini itələyib. Nəticədə iki komandanın oyunçuları arasında insident yaşanıb. Baş hakim “Barsa”nın qapıçısı Viktor Valdeslə Ronalduya sarı vərəqə göstərib. Əlavə olunmuş dəqiqələrdə isə “Real”ın müdafiəçisi Serxio Ramos “Barsa”nın ulduzu Lionel Messinin ayağına bilərəkdən zərbə endirdiyi üçün meydançadan qovulub. Qırmızı vərəqədən əlavə, Qonsales “Barselona”nın 5, “Real”ın 7 futbolçusuna sarı vərəqə göstərib.

Beləliklə, “Barselona” möhtəşəm qələbə sayəsində xallarını 34-ə çatdırıb. 32 xalda qalan “Real” isə ikinci pilləyə enib. “Kral klubu” həm də cari mövsümdə İspaniya çempionatında ilk məğlubiyyətlə üzləşib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1941

Oxşar yazılar