George Hacı: “Mən “Qalatasaray”a yalnız bir matç üçün gəlməmişəm” - FOTO
22 oktyabr 2010 19:17 (UTC +04:00)

George Hacı: “Mən “Qalatasaray”a yalnız bir matç üçün gəlməmişəm” - FOTO

Lent.az-ın məlumatına görə, oktyabrın 22-də klubun bazasında “sarı-qırmızılar”ın yeni baş məşqçisi George Hacı və onun əsas köməkçisi Tuqay Kərimoğlu ictimaiyyətə təqdim olunub.

Təqdimat mərasimində çıxış edən klubun vitse-prezidenti Yiğit Şardan Hacı və Kərimoğlu ilə 1,5 illik müqavilənin bağlanıldığını bildirib. Onun sözlərinə görə, Frank Raykardın uğursuz nəticələrlə əlaqədar istefaya göndərilməsindən sonra mövsümün gedişində “Qalatasaray”ı yaxından tanıyan şəxslə anlaşmaq istəyiblər. Bu məqsədlə komandanın ən yaxşı nailiyyətlərində payı olan Fatih Terim və George Hacı ilə danışıqların aparılması məqsədəuyğun sayılıb. Terim bildirib ki, ailəsi onun Türkiyədə çalışmasına müsbət yanaşmır. Bundan sonra Hacı ilə telefon əlaqəsi qurulub və rumıniyalı mütəxəssisin razılığı alınıb.

“Qalatasaray”da 1996 – 2001-ci illərdə futbolçu, 2004 – 2005-ci illərdə isə baş məşqçi kimi çalışmış George Hacı yenidən “sarı-qırmızı” komandada işləməkdən şərəf duyduğunu söyləyib: “Bu komandanı seçməyimin səbəbi futbolçu kimi 2006-cı ildə etdiyim seçimlə eynidir. Həssas bir dönəm olduğunu çox yaxşı bilirəm. Amma əlimdən gələni edəcəyəm və hər şeyin yaxşı olacağını düşünürəm. Potensial olduğunu düşünməsəydim, bura gəlməzdim. “Qalatasaray”ın potensialı var, buna inanıram, bunun üçün gəldim. Ümidvaram ki, indiki işim ilk dəfəki dövrümdən daha uğurlu alınacaq. İnşallah, Avropa kuboklarında oynayacağıq. Tuqaya mənim yanımda olduğu üçün çox təşəkkür edirəm. Futbolçu olduğum dövrdə ən yaxın yoldaşlarımdan biri idi. Tuqay da, mən də bu yuvanın insanlarıyıq”.
“Qalatasaray”ın baş məşqçisi kimi George Hacının ilk sınağı oktyabrın 24-də əzəli və əbədi rəqib “Fənərbağça”ya qarşı olacaq. Hacı səfərdə keçiriləcək qarşılaşmaya qələbə üçün çıxacaqlarını deyib: “İsmimiz “Qalatasaray” olduğu üçün derbini qazanmaq zorundayıq. “Fənərbağça”nın meydançasındakı matçlar hər zaman çətin keçib. Rəqibə böyük hörmətimiz var, amma biz də “Qalatasaray”ıq. Buraya yalnız bir matç üçün gəlməmişəm”.

“Mənə “Qalatasaray”ın ehtiyacı olduğu müddətdə hər zaman hazıram” deyən 45 yaşlı mütəxəssis ilk baş məşqçilik dövründə “sarı-qırmızılar”ın Türkiyə kubokunu qazandığını, istefa verdikdən sonrakı mövsüm isə ölkə çempionu olduğunu xatırladıb: “Bunu söyləmək istəyirəm ki, ilk dəfə bu vəzifəyə gələrkən, qurduğum komanda mən getdikdən sonrakı mövsüm çempion oldu. O zaman çox iş gördüm. Ayrıldıqdan sonra “Qalatasaray”ın işləri pis getsəydi, çox pərişan olardım”.

Yeni baş məşqçi Rumıniyada mövsümün ortasında heç bir komandaya rəhbərlik etmək istəmədiyini, “Qalatasaray”a isə məhz öz evi kimi yanaşdığı üçün gəldiyini deyib. O, “Cim-Bom”da ümumilikdə 7 il keçirdiyini, Türkiyə və Rumıniyaya eyni gözlə baxdığını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 929

Oxşar yazılar