Böyük etirafın pərdəarxası: Mussolini Hitleri necə məğlub etdi?
Gebbels: “İnsanlar üçün matç qazanmaq şərqdə şəhər istila etməkdən daha vacibdir”.
Misli görünməmiş intriqalara, siyasi manipulyasiyalara şahidlik edən 30-cu illər həm də iki yaxın müttəfiqin gizli mübarizəsinin gerçəkləşdiyi dönəm idi. Faşizm ideyaları, ümumi maraqlar ətrafında birləşən Hitler və Mussolininin dəmir bağlarla möhkəmləndirilmiş ittifaqı daxili rəqabət əhval-ruhiyyəsini aradan götürməmişdi. Onların hər biri digər sahələrdə olduğu kimi, idmanın ayrı-ayrı növlərində, xüsusilə futbolda ölkələrinin birinci olmasını arzulayırdılar. 1936-cı ilin Berlin Olimpiadasının futbol turniri isə gizli mücadilənin kulminasiyası oldu: Hitler İtaliyanın üstünlüyünü etiraf etdi, bu, Mussolininin siyasi müttəfiqi üzərində haqqında çox danışılmayan tarixi qələbəsi idi.
Düyün nöqtəsinə gedən yol
30-cu illərin əvvəlləri futbol artıq ətrafında milli özünüdərkin qurula biləcəyi idman növü kimi qəbul edilirdi. Avropa İdman Tarixi İnstitutunun eksperti Pier Lanfrançiyə istinad etsək, dövlət rəhbərləri siyasi platformalarının reallıq dərəcəsini yaşıl meydançalarda göstərməyə çalışır, qələbələrlə kütlələrdə hakim siyasi ideologiyaya inamın formalaşmasını təmin edirdilər. Futbolda təbliğat yaxşı işləyirdi. Qələbədən çox danışanlar konkret hərəkətlərlə bunu sübut etmək imkanı əldə edirdilər. Güclü olduğunu yaşıl meydançada göstərdikdə siyasi ambisiyaların təsiri də artırdı. Bu texnologiya ilk dəfə Benito Mussolini tərəfindən istifadə olundu. “Duçe” ölkəsinin mental ehtiraslarını gözəl bilirdi. Mussolini anlayırdı ki, İtaliyada ona lazım olan xalq dəstəyi futboldan keçir. Elə buna görə də diktator rəhbərlik etdiyi faşist rejimini möhkəmləndirmək məqsədilə “milyonların oyunu”nu tamamilə inhisara aldı. 1934-cü ilin dünya çempionatının İtaliyada keçirilməsi “duçe”nin idmanın ideoloji təbliğat meydanına çevrilməsi sahəsində ilk beynəlxalq uğuru idi. Mundialın ölkəsinə verilməsi üçün FİFA-nın 1932-ci il konqresinə ən bacarıqlı silahdaşlarından Covanni Mauranın rəhbərlik etdiyi nümayəndə heyətini göndərən Mussolini bu triumfu ilə həm də Hitleri qabaqlamışdı. İki il sonra Almaniyada təşkil olunacaq Olimpiada miqyasına görə daha böyük hadisə olsa da, zaman amili italyan diktatoru daha çox qayğılandırırdı. DÇ-34 “duçe”nin ümidlərini doğrultdu. Turniri italyan gücünün intibahı ilə assosiasiya edən, Roma atletlərinin uğurları il analogiya aparan “duçe”nin ölkəsi dünya birinciliyinə yüksəldi.
Hitler də Mussolini kimi futbolu effektli təbliğat vasitəsi hesab edirdi. “The Times” dərgisinin müəyyən etdiyi reytinqə müvafiq olaraq, ən qorxunc 50 azarkeş sırasında birinci yeri tutan “fürer” ölkə daxilində “Shalke-04”-ə dəstək verirdi. Onun hakimiyyət illəri (1933-1945) ərzində sözügedən klub 6 dəfə ölkə çempionu olmuşdu. Beynəlxalq yarışlara münasibətdə Mussolini ilə eyni baxışı bölüşən Hitler Almaniyanın futbol komandasının dünya ağalığına yiyələnməsinə can atırdı. 1934-cü il mundialında “Üçüncü Reyx”in yalnız bürünc medallara layiq görülməsi “fürer”in hegemonluq iddialarını təmin edə bilməzdi. Berlin Olimpiadası hakimiyyəti ələ keçirmək üçün əla fürsət idi. O zaman yay oyunlarının futbol turniri dünya çempionatı qədər əhəmiyyətli olduğundan Hitler Mussolini ilə arasında yaşanan gizli rəqabətdə də üstünlük əldə edəcəyinə ümid edirdi. “Fürer”in entuziazmını başa düşmək çətin deyildi. Cəmiyyətin daxili qatlarına hopmuş futbol hələ o zaman böyük təsir gücünə malik idi. Bu baxımdan faşist Almaniyasının baş təbliğatçılarından Yozef Gebbelsin məşhur tezisi mövcud durumu gözəl izah edir. O yazırdı: “İnsanlar üçün matç qazanmaq, şərqdə şəhər istila etməkdən daha vacibdir”.
Norveç matçları – həqiqət anı
1936-cı ilin Berlin Olimpiadası ərəfəsində İtaliya və Almaniya arasındakı rəqabət pik fazasına daxil oldu. İdman funksionerləri qarşısında maksimum nəticə göstərmək məqsədi qoyan “Üçüncü Reyx”in ideoloqları futbol turnirinə xüsusi önəm verirdilər. İki il əvvəl Mussolinini dünya birinciliyi münasibəti ilə təbrik edən, italyanların uğurundan məmnun qaldığını bildirən Hitler indi öz ölkəsi üçün sevinmək istəyirdi. Fürer apenninlilərlə mümkün qarşıdurma təqdirində hakim korpusuna təzyiq edilməsi yolu ilə Almaniyanın qələbəsinin təmin edilməsi barədə göstəriş vermişdi. O zaman “Üçüncü Reyx”in Beynəlxalq Olimpiya Komitəsinə təsir rıçaqları İtaliyanın FİFA-ya münasibətdə sahib olduğu təzyiq mexanizmləri kimi güclü idi. Sözügedən qurumun hər bir şöbəsində nasistlərin maraqlarına xidmət edən, Berlindən gələn verdiktləri icra etməyə hazır məmurlar var idi. Digər tərəfdən, Hitler “çirkin əməliyyatlar”ın konfidensiallığına həssas yanaşır, Mussolininin hazırlanan plandan xəbərsiz qalması üçün bütün tədbirlərə əl atırdı. “Duçe” baş verənlər barədə konkret bilgiyə sahib olmasa da, hərəkətsiz dayanmırdı. Müttəfiqini yaxşı tanıyan Mussolini Hitlerin İtaliyanın futboldakı hegemonluğunu həzm edə bilməməsinin fərqində idi. Elə bu səbəbdən o, 1935-ci ildən millinin maddi bazasının gücləndirilməsi məqsədi ilə bir sıra maliyyə layihələrini gerçəkləşdirmiş, Berlində komandanın azarkeş dəstəyindən məhrum qalmaması üçün 40 min italiyalını Almaniyaya göndərmişdi. “Duçe” hətta Olimpiadada hakimlik etməsi gözlənilən şəxslərlə təmas qurulmasını, lazım gəldikdə onlara təzyiq edilməsi üçün zəmin yaradılmasını tapşırmışdı. Pərdəarxası oyunlar nəticəsində çətin vəziyyətə düşən ədalət təmsilçiləri, BOK məmurları isə vəziyyətdən ən optimal çıxış yolunu Almaniya və İtaliyanın ümumiyyətlə üzləşməməsində görürdülər.
Gizli rəqabət iştirakçılarının futbol turnirindəki startı uğurlu oldu. Almaniya Lüksemburqu, İtaliya isə ABŞ-ı məğlub etdi. ¼ finalda Norveçlə üzləşən “Üçüncü Reyx” təmsilçiləri dünya çempionları ilə randevunun bir addımlığında idilər. Lakin 1936-cı il 7 avqust tarixində fürer həyatının ən böyük azarkeş üzüntüsünü yaşadı, İsaksenin 7 və 83-cü dəqiqələrdə vurduğu qollarla almanları məğlub edən skandinavlar tarixi qarşıdurmaya imkan vermədilər. Gebbels matçın emosional tərəfini belə təsvir edir: “Fürer özünə tam nəzarət edə bilmirdi, onu belə həyəcanlı görməmişdim. Mən də özümdə deyildim. Baş verənlər əsəb vannasını xatırladırdı”. Hitler “çirkin vasitələr”i İtaliya matçı üçün saxlamışdı, Norveçin isə təmiz yolla sıradan çıxarılacağına ümid edirdi. Elə həmin gün Yaponiyanı 8:0 məğlub edən İtaliya ½ finala vəsiqə qazandı. Apenninlilərin qarşısında Almaniyanın aşa bilmədiyi Norveç səddi dayanırdı. İtaliya üçün skandinavları məğlub etmək “Üçüncü Reyx” üzərindəki üstünlüyün nümayişi anlamına gəlirdi və Mussolininin “Squadra”sı ələ düşən imkandan maksimum faydalandı. Artıq Hitler gizli mücadilədə uduzduğunu anlamışdı. O, nəinki Almaniyanın İtaliyadan geri qaldığını başa düşür, həm də apenninlilərin futboldakı şəksiz hökmranlığının mövcudluğu ilə barışırdı. Matçsonrası görüşdə isə fürer tarixi etirafını etdi. Gebbels, Hess, Gering və digər nasist funksionerlərinin iştirak etdiyi məclisdə Hitler Mussolininin rəsmi nümayəndəsinə üz tutaraq, dedi: “Futbolda İtaliya hamıdan üstündür. Bu gün həqiqəti bütün dünya gördü. Finalda italyanların qələbəsinə şübhə etmirəm”. Turnirin yekun matçında fürerin təxmini özünü doğrultdu. Alman hakim Peko Bauvens tərəfindən idarə edilən matçda Avstriyanı yenən İtaliya qızıl medallara sahib çıxdı, iki il sonra isə dünya çempionu adını qorumağa müvəffəq oldu. Almaniya 1938-ci il mundialına ciddi hazırlaşsa da, artıq “Squadra”nın rəqibi deyildi. Qatar çoxdan getmişdi...
Qələbənin xarakteri
Mussolininin almaniyalı həmkarı üzərindəki zəfərinin əsas xüsusiyyəti triumfun gizliliyində, kənardan qabarıq şəkildə görünməməsində idi. İtaliyanın idman uğurları nasist mətbuatında daim alqışlanılır, faşizm ideologiyasının ümumi zəfəri kimi dəyərləndirilirdi, Apennində də “Üçüncü Reyx”in nailiyyətləri analoji münasibətlə qarşılanırdı. Mücadilənin ciddiliyini, hansı miqyasda baş verdiyini yalnız Mussolini, Hitler və hər iki tərəfin siyasi elitasının yüksək pilotajında təmsil olunan səlahiyyətlilər bilirdilər. “Duçe”nin qələbəsinin digər tərəfi onun obyektivliyi ilə bağlı idi. Pərdəarxası oyunlara, pusquda saxlanılan “falsifikasiya silahları”na baxmayaraq, hər şey ədalətli şəkildə yekunlaşdı. Hitlerin vətənində birinciliyə nail olan İtaliya müharibəyə qədərki dövrün bir nömrəli futbol nəhəngi statusunu möhkəmləndirdi.
Orxan Amaşov

1884