Atları yəhərləyin! – REPORTAJ -
01 sentyabr 2010 15:00 (UTC +04:00)

Atları yəhərləyin! – REPORTAJ -

Bu dəfəki “hədəf” Bakı Dövlət Cıdır Meydanı oldu. Məhz bu idman qurğusunun seçimi isə son zamanlar atçılıq idmanı növlərində gedən inkişafın, qısa müddətdə nəzərə çarpan sıçrayışın əyani şahidi olmaq və oxucuları məlumatlandırmaq istəyi ilə əlaqədar idi.

Yeni dönəm

Əlbəttə, ölkəmizdə atçılıq idmanından danışanda hamının gözləri önündə ilk növbədə, əhali arasında “Skaçka”, əslində isə Bakı Dövlət Cıdır Meydanı (BDCM) adlanan obyekt canlanır. Kimisi ora “Skaçka” restoranında yeyib-içməyə, kimisi də at sürməyə və ya at süzməyə yollanır. Bir vaxtlar restorana gedənlərin sayı sürüb-süzənlərdən qat-qat çox olardı. Bakının mərkəzində yerləşən BDCM baxımsızlıq üzündən tanınmaz hala düşmüşdü, obyekt daxilində bəslənən cins atların sayı xeyli azalmışdı. Bununla belə, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında Azərbaycan idmançısı Camal Rəhimovun ölkə idmanı tarixində ilk dəfə konkur növündə təmsil olunması atçılığın inkişafı yönündə təsirli addımların atılmasına rəvac verirdi. 2009-cu il martın 6-da Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Azərbaycan Respublikası Atçılıq Federasiyasına (ARAF) prezident seçildi. Təbii ki, bu dəyişiklik atçılıq idmanının sistemli inkişafına nail olmaq məqsədilə reallaşdırılmışdı. Aradan keçən cəmi ilyarımlıq müddətdə bu növün kütləviliyi və dirçəlişi yönündə addımlar atılıb. Çoxlu yerli və beynəlxalq yarış keçirilib, onlar televiziya vasitəsilə canlı yayımlanıb. Elə BDCM-də olarkən də sentyabrın 4-də keçiriləcək cıdır yarışına hazırlıq görüldüyünün şahidi olduq.

Dilbazilər nəslinin yararlandığı Dilbaz

Bizi ARAF İdarə Heyətinin üzvü Səməd Musayev və mətbuat katibi Zaur Əliyev qarşıladı. Beləliklə, BDCM-lə yaxından tanışlığımız başladı. Amma onlar əvvəlcə federasiya haqda qısa məlumat verdilər. Dedilər ki, ARAF-ın ofisi metronun “Xalqlar dostluğu” stansiyası yaxınlığındakı “Sərhədçi” İdman Olimpiya Mərkəzində yerləşir. Federasiyanın www.araf.az ünvanında yerləşən rəsmi saytı və ARAF adlı jurnalı mövcuddur. Kənd Təsərrüfatı Nazirliyinə məxsus BDCM isə 2010-cu ilin əvvəllərində ARAF tərəfindən icarəyə götürülüb. Böyük ərazini əhatə edən obyektdə hazırda 140 cıdır atı saxlanılır. Onlar əsasən, “Qarabağ”, “Dilbaz”, “Ərəb” və “İngilis” cinslərindəndirlər. Səməd Musayev idman atlarının “istehsal edildiyi” zavodlar haqda da məlumat verdi. Onun sözlərinə görə, Qarabağ atları vaxtilə Ağdam şəhərində ərsəyə gətirilib. Lakin həmin şəhərin işğalından sonra zavod Ağdamın Azərbaycanın nəzarətində olan Ləmbəran kəndinə köçürülüb. Şəkidə Daşüz zavodunda və Qazax-Aqstafa zavodunda Dilbaz atları yetişdirilir. Musayev hətta bildirdi ki, bu atlardan əsrlər öncə Dilbazilər nəsli yararlanıb. Elə o vaxtdan Dilbaz atları məşhurlaşıb. İngilis atları isə xaricdən gətirilməklə yanaşı, Ağdam atçılıq zavodunda yetişdirilir.

“Bəy verən atın dişinə baxmazlar”

Tövlədəki atlarla tanışlıq zamanı hər birinin belində xüsusi kodun, onların saxlandığı yerin qarşısında isə ləqəbi, doğulduğu ili, cinsi, özünün və ata-anasının (xüsusi lövhədə məhz belə də yazılır – atası və anası – r.), habelə sahibinin adlarının yazıldığının şahidi olduq. Səməd Musayev dedi ki, bu göstəricilərin qeyd olunması vacibdir. Çünki bir nəsildən olan atın digəri ilə cütləşdirilməsi mənfi fəsadlar törədə bilər. Buna görə də hər bir atın nəsil şəcərəsi Kənd Təsərrüfatı Nazirliyində və Almaniyada DNK testindən keçirilir. Yerli atların pasportları nazirlik nəzdindəki “Azərdamazlıq” Birliyi tərəfindən verilib. Üstəlik, atlar yaş qrupları və cinslər üzrə bölüşdürülərək, yarışa buraxılırlar. Onların yaşlarını dişlərinə əsasən müəyyənləşdirilirlər. Bu yerdə “Bəy verən atın dişinə baxmazlar” məsəli yada düşür. Sahibləri bəy olmasalar da, onlara əsl bəy atları kimi qulluq olunur. Atlar həm müxtəlif klublara, həm də fərdi insanlara məxsusdurlar. Amma daha çox fərdi insanlar burada at saxlayırlar. Yiyələri atları BDCM-ə gətirərək, burada çalışan məşqçilərə və mehtərlərə təhvil verirlər. Onlara daimi qulluq olunur və yarışlar vaxtı çaparlar atların məharətini yiyəsinə nümayiş etdirirlər. Atlara təbii otlar və xaricdən gətirilmiş yemlər verilir. Onlar vaxtaşırı xüsusi şampundan istifadə etməklə, çimizdirilir. Tanışlıq vaxtı mehtərlər atları nallayır və ya yuyurdular. Tövlələrdə saxlanmalarına baxmayaraq, atlarının bütün bədəni tərtəmiz idi.

Cıdırda şou-proqram

BDCM-də atçılıq idmanının konkur, cıdır və çövkən növləri ilə məşğul olmaq mümkündür. Konkur üçün ərazi “Günay” atçılıq klubuna məxsusdur. Cıdır zolağında həftəsonu 50-dək atın iştirakı ilə cıdır yarışları keçiriləcək. Çovkən növünün isə yaxın gələcəkdə inkişafı nəzərdə tutulub. Yarışları izləmək üçün qapalı və VİP tribuna istifadəyə verilib. Obyektdə olduğumuz vaxt ARAF baş katibinin müavini Əhməd Şirinov qarşıdakı turnirlə bağlı təşkilati işlərlə məşğul idi. Ondan öyrəndik ki, “Lider” telekanalı vasitəsilə canlı yayımlanacaq yarış sentyabrın 4-də saat 17:00-da başlanacaq. Yarış öncəsi ölkəmizin tanınmış sənətçilərinin iştirakı ilə şou-proqram da təşkil olunacaq. Eyni zamanda uduşlu lotereyalar keçiriləcək. Uduşa qiymətli hədiyyələr qoyulacaq. Federasiya rəhbərliyi cıdır yarışının maraqlı və ciddi rəqabət şəraitində keçməsi üçün məşqçi və idmançılarla görüşüb, müəyyən tövsiyələr vermək fikrində idi. Ərazi ilə tanışlıq zamanı bir qrup çaparın məşq etdiyinin də şahidi olduq. Amma hava isti olduğundan, onlar atları çox da yormurdular.

Atçılıq sərgisi

Obyekt daxilində atçılıq sərgisi də fəaliyyət göstərir. Sərgidə naldan tutmuş çapar geyiminədək hər cür ləvazimat satılır. Bunlar Belçika və Almaniyadan gətiriliblər. Yüngüllüyü və yüksək keyfiyyəti ilə seçilən ləvazimatlar atçılıq kimi bahalı növ üçün normal qiymətədir. Satışda olan əşyalarla tanış olduqca BDCM-in tövlələrində saxlanılan atlara daha çox kəndlərdə gördüyümüz minik atlarından fərqli yanaşmanın olduğu duyulur. Alüminiumdan olan nal və üzəngilər, dəri yəhərlər yarış atlarının yüklənmələrini xeyli azaldır.

Bundan 4 dəfə böyüyü Fatmayıda tikilir

BDCM-in ümumilikdə 20 hektar ərazisi var. Amma Bakının Fatmayı qəsəbəsində bundan 4 dəfə böyük – 86 hektar ərazidə yeni cıdır meydanının tikintisinə başlanılıb. Burada atçılığın bütün sahələrini inkişaf etdirmək üçün lazımi şərait yaradılacaq, atçılıq idmanının növləri ilə yanaşı, cıdır atlarının təlimləri üçün bütün imkanlar olacaq. Layihəyə əsasən, kompleksdə 500 atlıq tövlə, açıq və qapalı manejlər, cıdır meydanı, məşq üçün ərazilər, dopinq nəzarəti mərkəzi, tibb mərkəzi, mehmanxana, restoran, kafe və digər yardımçı binalar tikiləcək. Kompleks istifadəyə verildikdən sonra ölkəmizdə idman atlarının yetişdirilməsi, idmançıların peşəkarlığının artırılması üçün yeni imkan və şərait yaranacaq. Bu isə atçılıq idmanının gələcək uğurlarının təməli deməkdir.

Elşən Məmmədov

FOTO: İsaq Mayılov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2512

Oxşar yazılar