Elvin Nuriyev "Metallurq"da
27 yanvar 2010 12:15 (UTC +04:00)

Elvin Nuriyev "Metallurq"da

Azərbaycan milli futbol yığmasının keçmiş yarımmüdafiəçisi Elvin Nuriyev yenidən yaşıl meydana dönür. İlyarım öncə Türkiyə-Azərbaycan yoldaşlıq qarşılaşmasında ayağı qırılan perspektivli futbolçumuz müalicə və bərpa dövrünü tam başa vurub. Yay tətili zamanı Qara dəniz sahilində dincələn Elvinlə Ukraynanın bir sıra klubları maraqlanmağa başlayıb. Bu klublara "Metallist"(Xarkov), "Çernomorets"(Odessa), "Tavriya"(Simferopol) və digərlərini aid etmək olar. Lakin futbolçunun meneceri ilə Donetskin "Metallurq" klubu arasında danışıqların ilkin mərhələsi uğurla yekunlaşdığından, futbolçumuz karyerasını bu klubda davam etdirməyə hazırlaşır.

Bu gün Elvin Nuriyev hazırda Antalyada təlim məşq toplanışında olan komandanın sıralarına qatılacaq. Futbolçunun özü ilə əlaqə saxladığımızda aşağıdakıları söylədi: "Bu, mənim futbol həyatımda ikinci nəfəsdir. Sanki yenidən doğulmuşam. Ayağım sındıqdan sonra bir daha geri dönməyəcəyimi düşünürdüm. Bir çox maddi və mənəvi problemlərlə üzləşdim. Amma Allaha şükür, artıq tam sağalmışam. Azərbaycan futbolunu Ukraynada layiqincə təmsil edəcəyimi düşünürəm. Qısa zaman ərzində milli komandamızın heyətinə dəvətə layiq futbol nümayiş etdirəcəyimə əminəm".

Xatırladaq ki, hazırda 26 yaşı olan Elvin bir zamanlar "Şəfa", "Karat", "Gənclərbirliyi", "İnter", "Bakı" klublarının heyətlərində çıxış edib. Azərbaycan çempionatında 96 matçda 24 qolun müəllifi olan Elvin "Şəfa" futbol klubunun yetirməsidir. Onun ilk baş məşqçisi Əsgər Abdullayev olub.

Qeyd edək ki, "Metallurq"(Donetsk) Ukrayna yüksək liqasında "Dinamo"(Kiyev), "Şaxtyor"(Donetsk), "Metallist"(Xarkov) və "Dnepr"(Dnepropetrovsk) komandalarından sonra 5-ci yerdə gəlir. Hazırda komandanı həmçinin ölkə kuboku uğrunda yarışda UEFA kubokunun hazırkı sahibi "Şaxtyor"la çətin yarımfinal sınağı gözləyir.

Anar Ağayev, Ukrayna
# 962

Oxşar yazılar