Topaz Premyer Liqası: Kanales 1-ci, “Neftçi” 5-ci pillədə
10 dekabr 2012 19:53 (UTC +04:00)

Topaz Premyer Liqası: Kanales 1-ci, “Neftçi” 5-ci pillədə

0
Lent.az-ın məlumatına görə, turun 6 qarşılaşmasından 5-i baş tutub.

Tovuzda keçirilməli olan “Turan” – “Bakı” matçı təxirə salınıb. Səbəb kimi meydan sahiblərinin bazasında yanğının baş verməsi göstərilib. Digər matçlara gəldikdə, ötən turun şərikli liderlərindən “İnter” AZAL-la, “Simurq” “Xəzər Lənkəran”la ev oyunlarında qələbə qazana bilməyib. Paytaxtdakı görüşdə hesab açılmayıb. Bu görüşdə baş hakim Fariz Yusifov ilk yarının sonlarında kobud səhvə yol verərək, “İnter”in təmiz penaltisini təyin etməyib. AZAL-ın futbolçusu Tagim Novruzov öz cərimə meydanlarında əllə oynadığı halda, Yusifov qayda pozuntusunun kənarda baş verdiyini bildirib. “Simurq” isə hesabda və oyunçu sayında üstün olduğu halda, qələbəni əldən verib. “Xəzər Lənkəran” Ruslan Abışovu itirdikdən sonra 2-ci qolu da buraxmasına baxmayaraq, fərqi azalda və son anda hesabı bərabərləşdirə bilib.

Turun açılış matçında “Qarabağ”ın autsayder “Kəpəz” üzərində qələbəsi isə turnir cədvəlinin liderlər qrupunda “üçhakimiyyətlilik” yaradıb. Ağdam komandası şəxsi oyunlarda üstünlüyü səbəbindən “İnter” və “Simurq”u qabaqlayır. “Qəbələ” isə səfərdə “Sumqayıt”ı minimal hesabla yenərək, 4-cü pillədəki mövqeyini qoruyub. “Neftçi” isə “Rəvan”ın qapısından 2 cavabsız top keçirib. Bakıdakı 8-ci km stadionunda keçirilmiş matçın ilk yarısında Mirhüseyn Seyidov, fasilədən sonra Nikolas Kanales fərqlənib. Bu qələbə sayəsində flaqman xallarını 24-ə çatdırsa da, 5-ci pillədə qalıb. Kanales isə 13 qolla bombardirlər siyahısının birinci pilləsində daha da möhkəmlənib.

7 dekabr (cümə)
“Qarabağ” (Ağdam) – “Kəpəz” (Gəncə) – 3:1
Qollar: Riçard Almeyda, 7. Vaqif Cavadov, 21. Əfran İsmayılov, 89 - Yuri Fomenko, 90+2
İstifadə olunmamış penalti: Rəşad Sadıqov, 30 (“Qarabağ”)

8 dekabr (şənbə)
“Sumqayıt” – “Qəbələ” – 0:1
Qol: Viktor Mendi, 39
Qırmızı vərəqə: Aleksandr Çertoqanov, 61 (“Qəbələ”)

9 dekabr (bazar)
“İnter” (Bakı) – AZAL (Bakı) – 0:0

10 dekabr (bazar ertəsi)
“Simurq” (Zaqatala) – “Xəzər Lənkəran” – 2:2
Qollar: Murad Səttarlı, 15. Martsin Burhardt, 67 – Elnur Abdullayev, 72. Aleksandr Şemonayev, 90+4 - öz qapısına
Qırmızı vərəqə: Ruslan Abışov, 48 (“Xəzər Lənkəran”)

“Neftçi” (Bakı) – “Rəvan” (Bakı) – 2:0
Qol: Mirhüseyn Seyidov, 43. Nikolas Kanales, 63

“Turan” (Tovuz) – “Bakı” matçı təxirə salınıb.

1. “Qarabağ” – 27 xal
2. “İnter” – 27 (15 oyuna)
3. “Simurq” – 27
4. “Qəbələ” – 25
5. “Neftçi” – 24 (13)
6. “Xəzər Lənkəran” – 21
7. AZAL – 21 (15)
8. “Turan” – 19 (15)
9. “Bakı” – 17 (14)
10. “Rəvan” – 16 (15)
11. “Sumqayıt” – 14
12. “Kəpəz” – 9.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1084

Oxşar yazılar