“Qazprom” sədri: “Futbol üzrə MDB çempionatı keçirilə bilər”
26 noyabr 2012 15:53 (UTC +04:00)

“Qazprom” sədri: “Futbol üzrə MDB çempionatı keçirilə bilər”

Rusiyanın “Zenit” klubunun faktiki söz sahibi, “Qazprom” Açıq Səhmdar Cəmiyyətinin sədri Aleksey Miller MDB ölkələri üçün birləşmiş liqanın yaradılma ideyasını irəli sürüb. Lent.az-ın məlumatına görə, Miller klubun rəsmi saytına açıqlamasında bu barədə bir neçə gün öncə söhbətin getdiyini bildirib.

O deyib ki, təklifə cavab müsbət olub. Lakin qurumun rəhbəri söhbətləşdiyi şəxslərin adlarını və vəzifələrini açıqlamayıb. Miller Rusiya Premyer Liqasının 16-cı turunda Moskva “Dinamo”su ilə yarımçıq qalan oyundan sonra “Zenit”ə texniki məğlubiyyətin verilməsindən sonra belə ideya verib. Moskvada keçirilmiş matçın 39-cu dəqiqəsində qonaq komanda azarkeşləri meydana yandırıcı maddələr atıblar. Onlardan biri “Dinamo”nun qapıçısı Anton Şuninin başına dəyib. Baş hakim Aleksey Nikolayev oyunu dayandırıb. Bu vaxt meydan sahibləri 1:0 hesabı ilə öndə olub. Məsələyə Nizam İntizam Komitəsində baxılıb və “Zenit”ə texniki məğlubiyyət verilib.

Bundan qəzəblənən Miller öz klubunu Premyer Liqadan çıxarmaqla Rusiya Futbol İttifaqını hədələyib: “Çoxları hesab edir ki, futbol üzrə MDB çempionatı keçirə bilərdik. Mən də bu ideyanın həqiqi tərəfdarıyam. Yeni çempionat yaratma anı yetişsə, biz də hərəkətə keçəcək və bunu dəstəkləyənlərlə razılaşdırılması şərti ilə düşünülmüş addımlar atacağıq. Belə söhbət bu günlərdə olub. Yəni, cavab müsbətdir. Ola bilsin, digər çempionatda oynayacağıq”.

Qeyd edək ki, Rusiya Premyer Liqasında 17 turdan sonra ehtiyatda 1 oyunu olan “Zenit” 33 xalla 3-cü pillədə qərarlaşıb. Noyabrın 26-da bu komanda çempionatın lideri və özündən 6 xal irəlidə olan MOİK-lə üz-üzə gələcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 965

Oxşar yazılar