“Bakı” fransalı ulduza vəzifə təklif edib
23 noyabr 2012 18:30 (UTC +04:00)

“Bakı” fransalı ulduza vəzifə təklif edib

“Bakı” klubu rəhbərliyinin komandanın meneceri vəzifəsini əfsanəvi fransalı futbolçu Jan-Pyer Papenə təklif etdiyinə dair xəbər yayılıb. Lent.az-ın “Guardian” nəşrinə istinadən verdiyi məlumata görə, Papenə təklif 21 yaşlı Vüqar Hüseynzadənin bu posta təyinatından öncə ünvanlanıb.

Sabiq hücumçunun reaksiyası məlum olmasa da, Hüseynzadənin ona qalib gələrək, menecer vəzifəsinə təyinat aldığı bildirilir. O da qeyd olunub ki, 21 yaşlı yeni menecer 2002-ci ildən “Football Manager” oyununa maraq göstərirmiş. Bu barədə Hüseynzadənin özü açıqlama verib.

“Bakı” klubunun Media və Marketinq Departamentinin rəhbəri Nəriman Mehdiyev isə Lent.az-a açıqlamasında Papenin komandanın meneceri vəzifəsinə təklif alması barədə xəbərləri təkzib edib. O bildirib ki, fransalı ulduzla klubda Avropa səviyyəli idarəçilik sisteminin qurulması istiqamətində işlər aparılır. Bu məqsədlə Papen 2 dəfə “Bakı”nın qonağı olub və klub prezidenti Hafiz Məmmədovla danışıqlar aparıb. Hüseynzadə isə komandada təşkilati menecer vəzifəsində çalışacaq. Onun funksiyalarına “Bakı”nın hazırlıq prosesi və oyunları ilə bağlı işlər daxildir.

Qeyd edək ki, Vüqar Hüseynzadədən öncə komandanın meneceri Kamran İsmayılov olub.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1145

Oxşar yazılar