“Rəqibin təxribatlarına hazır olmalıyıq”
22 noyabr 2012 18:07 (UTC +04:00)

“Rəqibin təxribatlarına hazır olmalıyıq”

“Neftçi” klubunun Serbiyanın “Partizan” komandası ilə noyabrın 22-də keçirəcəyi Avropa Liqasının V tur matçı ətrafında böyük ajiotaj yaranıb. Lent.az-ın məlumatına görə, bu, təkcə Belqraddakı ilk görüşün ardından baş verənlərlə bağlı deyil.

Həmin vaxt “Partizan”ın bəzi oyunçuları “Neftçi”nin serbiyalı qapıçısı Saşa Stamenkoviçə hücum etmişdilər. Onlardan biri – Aleksandr Mitroviç ötən gün baş məşqçi Vladimir Vermezoviçlə birgə Bakıda jurnalistlər önünə çıxmışdı. Mitroviç yenə öz ampluasında idi. O, hətta Vermezoviçin yanında özünü futbolçuya yaraşmayan tərzdə aparır, bədənini əsdirir, yerli-yersiz gülür, elementar etik davranışlara əməl etmirdi. Vermezoviç isə mətbuat konfransına 15 dəqiqə gecikməsinə baxmayaraq, üzv istəmək fikrində deyildi. 49 yaşlı mütəxəssis mətbuat konfransının keçirildiyi otağı tapa bilmədiklərini iddia edirdi.

Rəqib komandanın baş məşqçisinin fikirlərinə “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə münasibət bildirib. Abbaszadə Lent.az-a açıqlamasında Vermezoviçin üzr istəməkdənsə bəhanə axtardığını söyləyib: “Vermezoviç çox şey deyə bilər. Əslində o, mətbuat konfransına gecikdiyi üçün bizim jurnalistlərdən üzr istəməli idi. Biz də Serbiyada olmuşuq. Biz də baş məşqçimiz Böyükağa Hacıyevlə birgə mətbuat konfransının yerini axtarmışıq. Amma gecikməmişik. Vermezoviç əvvəlcə serbiyalı, daha sonra azərbaycanlı jurnalistlərə, ən əsası, özünə hörmət etməli idi. “Necə olur ki, serb jurnalistlər tez gələ bilirlər, biz yox?” sualını özünə verməkdənsə, bəhanə axtarır. Əgər belə idisə, bizə xəbərdarlıq edərdilər ki, qarşılayaq. Ümumiyyətlə, Serbiyada Böyükağa müəllimin mətbuat konfransında bizə hörmət qoymadılar. Təsəvvür edin, serbiyalı jurnalistlərdən birinə zəng gəlir, telefona cavab verir və ucadan danışır. Ən azı bunları xatırlasınlar. Vermezoviç, eləcə də mətbuat konfransına çıxan Mitroviç özlərindən çox razı idilər. Bizə yuxarıdan aşağı baxırdılar. Heç “İnter”lə “Rubin”in baş məşqçisi ilə futbolçuları belə davranmırdı”.

“Neftçi” rəsmisi Serbiyadakı oyundan sonra meydandakı xoşagəlməz halları, xüsusən, qapıçı Saşa Stamenkoviçə qarşı münasibəti unutmadıqlarını da əlavə edib. Onun fikrincə, istər Serbiyada baş verənlər, istərsə də rəqibin dünənki mətbuat konfransında özündənrazı hərəkətləri flaqmanın futbolçularının oyuna köklənməsi üçün əlavə kömək olacaq: “İnanıram ki, bu gün azarkeşlərimiz “Partizan”ı bura gəlməyə peşman edəcəklər. Məncə, azarkeşlər də yanımızda olmalıdırlar”.

Abbaszadə “Partizan”ın futbolçularının “Neftçi”ni təxribata çəkməyə cəhd edəcəklərini də vurğulayıb. O, təmsil olunduğu klubun rəhbərliyinin bu barədə futbolçularla söhbətinin olduğunu açıqlayıb. Həmkarımız belə hallara hazır olmalarının gərəkliyini deyib: “Əlbəttə, rəqibin futbolçularımızı hər hansı reaksiyaya təhrik edəcəyi də istisna deyil. Məncə, bu belə də olacaq. Odur ki, hazır olmalıyıq... Bütün təxribatlara ən yaxşı cavab qələbə ola bilər”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “Partizan” matçı saat 21:00-da başlanacaq.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 917

Oxşar yazılar