“Atletiko” “Bakı” ilə əməkdaşlığa başladı - FOTO
21 noyabr 2012 23:48 (UTC +04:00)

“Atletiko” “Bakı” ilə əməkdaşlığa başladı - FOTO

“Bakı” futbol klubu İspaniya “Atletiko”su ilə əməkdaşlığa başlamasına dair mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, tədbirdə Azərbaycanı klubun icracı direktoru Yaşar Seyidov təmsil edib.

“Atletiko” rəsmilərindən isə komandanın sabiq kapitanı, hazırda isə Madrid klubunun bazasının direktoru vəzifəsində çalışan Karlos Agilero Martines, eləcə də klubun beynəlxalq əlaqələr üzrə meneceri Emilio Qutyerres iştirak edib.

Tədbirə qatılan AFFA-nın baş katibi Elxan Məmmədov “Bakı”nın “Atletiko” ilə danışıqlara başlamasında əsas məqsədin ölkədə futbolun inkişafına dəstəkdən ibarət olduğunu bildirib. Bu layihənin Azərbaycanda ilk dəfə həyata keçiriləcəyini söyləyən Məmmədov AFFA-nın da dəstək verəcəyini açıqlayıb. Anlaşmaya əsasən, “Atletiko” Azərbaycanda ən istedadlı futbolçuları seçəcək. Bu məqsədlə gələn ilin martında ölkəmizdə böyük seleksiya günü olacaq. 1999-2000-ci il təvəllüdü futbolçular arasında keçiriləcək turnir nəticəsində “Atletiko”nun mütəxəssisləri ən istedadlı futbolçuları seçəcək. İlk mərhələdə 10 – 20 futbolçu seçiləcək. Onlar “Bakı”nın hesabına Madrid klubunun bazasında uzunmüddətli məşqlərə qatılacaqlar.

“Seleksiya turnirinə 25 klub dəvət olunacaq. Ola bilər ki, hansısa futbolçu istedadlı olsun, amma turnirdə iştirak etməsin. Onlar seleksiya günlərində 1000-dək futbolçu arasından seçiləcəklər. Sözsüz ki, valideynlər də çalışacaqlar ki, övladları “Atletiko” kimi brend klubun siyahısında olsun. Futbolçularımız adaptasiya prosesinə də hazır olmalıdırlar” deyə baş katib vurğulayıb. O qeyd edib ki, bütün bunlardan sonra “Atletiko” Azərbaycanla əlaqə saxlayaraq, növbəti mərhələnin nə zaman başlanacağını açıqlayacaq.

Ardından Çindən seçilərək, “Atletiko”nun bazasında hazırlıq məqsədilə cəlb olunmuş futbolçuların iştirakı ilə sənədli film göstərilib.

Qutyerres bu layihəyə inanaraq, “Atletiko” ilə əməkdaşlığa başladığı üçün “Bakı” klubunun prezidenti Hafiz Məmmədova minnətdarlıq edib. Madrid klubu rəsmisi bu layihə ilə Azərbaycan futbolunu daha da yaxşı inkişaf etdirmək məqsədi güddüklərini deyib. “Bakı”da gördüklərindən çox təəccübləndiyini bildirən Qutyerresin sözlərinə görə, klub əməkdaşlarının hamısı çox peşəkardırlar. O, həm də 17 yaşlılar arasında 2016-cı ildə Azərbaycanda keçiriləcək Avropa çempionatında seçiləcək futbolçuların ölkəmizi yaxşı təmsil etməyə çalışacaqlarını vurğulayıb: “Bu görülən işlərin arxasında peşəkarlıq durur. Biz bura nəyisə təzələməyə yox, futbolunuzu inkişaf etdirməyə gəlmişik. Buradan seçilmiş uşaqlar klubumuzun düşərgəsində olarkən təcrübə keçəcəklər. Onlar İspaniya futbolunun hansı səviyyədə olmasından xəbərdardırlar. Bu baxımdan onlar üçün böyük təcrübə olacaq. Son 3 ildə bu layihəni fərqli ölkələrdə tətbiq etməyə başlamışıq. Çində, Tailandda, ABŞ-da məktəblərimiz var. 15 yaşlı futbolçunu gətirmişdik, indi o, Çin yığmasının üzvüdür. Tailandda da çempion olmuş klubla müqavilə bağlamışıq. “Çikaqo Fayr”ın da 2 oyunçusu bizə gəlib. Məqsədimiz o deyil ki, başqa ölkələrdən gətirdiyimiz futbolçular “Atletiko” üçün oynasınlar. Məqsədimiz odur ki, onlar bizdə yetişsinlər və öz ölkələrində futbolu inkişaf etdirsinlər. Sizi arxayınlaşdıra bilərik ki, seçəcəyimiz uşaqlara bazamızda böyük qayğı göstəriləcək. Məqsədimiz uşaqların 24 saat ərzində futbolu fikirləşmələrinə, futbolçularımızla ünsiyyətdə olmalarına, dil öyrənmələrinə yardımçı olmaqdır. Bunlar uşaqların inkişafına müsbət təsir edəcək. “Atletiko” və “Barselona” İspaniya yığması üçün ən çox oyunçu yetişdirən 2 klubdur. Bunlar gördüyümüz işlərin nəticəsidir. Çalışacağıq ki, Azərbaycan futbolunun səviyyəsinə uyğun işləri görək”.

“Atletiko” rəsmisi əməkdaşlığı gücləndirmək üçün yayda klubun əsas komandası ilə Azərbaycanın ən güclü futbolçuları arasında yoldaşlıq görüşü keçirməyi də nəzərdə tutduqlarını söyləyib. O həm də yaxın vaxtlarda Azərbaycanda “Atletiko”nun məktəbinin yaradılmasına çalışacaqlarını deyib.

Martines isə məqsədlərinin seçilmiş futbolçuların öz ölkələrinə kömək etməkdən ibarət olduğunu desə də, klubda saxlamalarının da mümkünlüyünü bildirib. Bunun üçün onlar öz klublarının razılığını almalıdırlar. Məmmədov isə “Atletiko”nun istedadlı futbolçunu görərsə, buraxmayacağına əmin olduğunu söyləyib. Onun sözlərinə görə, “Bakı” İspaniyanın çox zəngin klubu ilə əməkdaşlığa başlayıbsa, bu, futbolumuzda yeni istiqaməti göstərir. Lakin o, AFFA-nın da İspaniya modelinə keçəcəyini təkzib edib: “2008-ci ildən Almaniya sisteminin tətbiqinə başlamışıq. Bu sistem indi də davam edir. Hər bir sistem tandemdə daha güclü ola bilər. Ola bilər ki, sabah digər klub Hollandiya, başqası İngiltərə sistemi tətbiq edə bilər. Amma baş məşqçi seçimi sistem seçimi deyil. Baş məşqçi diqqətini birbaşa əsas komandaya yönəldir. Sistem ilk növbədə uşaq futbolundan başlamalı və baş məşqçidə yekunlaşmalıdır. Mən 2009-cu ildə “Atletiko” – “Barselona” matçını canlı izləmişəm. Oyun “Atletiko”nun 4:2 hesablı qələbəsi ilə yekunlaşdı. “Nə qədər çox sistem olsa, o qədər yaxşıdır. Son məqsədimiz öz sistemimizi yaratmaqdır. İllər sonra məqsədimiz Azərbaycan sisteminin tətbiqi olmalıdır. Biz bunun üçün çalışırıq. Mentaliteti, genetikanı da nəzərə almalıyıq. Futbol bir fəlsəfədir. “Neftçi” vaxtilə SSRİ çempionatında özünəməxsus oyun sistemi qurmuşdu. AFFA təkbaşına heç nə edə bilməz. Klubların federasiya ilə tandemi olmalıdır. Klublar belə təşəbbüs göstərəndə, AFFA da dəstəkləyəcək. Görsək ki, hansısa sistem bizi qane etmir, yenisini tətbiq edəcəyik. Sonda isə Azərbaycan sistemini quracağıq”.

“Bakı”nın Media və Marketinq Departamentinin rəisi Nəriman Mehdiyev klub daxilində dil kursları təşkil etdiklərini deyib. İlk növbədə ispan dili kursları gələn həftədən fəaliyyətə başlayacaq. Burada söhbət təkcə futbolçuları yetişdirmək yox, klub infrastrukturunu, idarəçiliyini dünya səviyyəsinə çatdırmaqdır. Hafiz müəllim bu məqamlara xüsusi diqqət yetirirdi.

Yaşar Seyidov isə “Bakı”nın bütün yaş qrupları üzrə Azərbaycan birinciliklərində təmsil olunan yeganə komanda olduğunu bildirib. Onun sözlərinə görə, “Atletiko” rəsmiləri “Bakı”nın bazasında gördüklərini müsbət dəyərləndiriblər: “İnanıram ki, yaxın illərdə AFFA ilə birgə bu layihə uğurla həyata keçəcək. Məqsədlərimizdən biri 2016-cı ildə Avropa çempionatının kubokunu Bakıda saxlamaqdır. Komandamız çox böyük layihələr həyata keçirir. Digər layihəmiz Fransa “Lans”ı ilə olacaq. Bu da davam edəcək. Nə qədər çox futbolçumuz xaricdə təcrübə keçsələr, o qədər yaxşı olar. Hər iki layihə gündəmdədir. Fərq isə ondadır ki, “Atletiko”ya gedənlər 15 yaşlılar olacaq və seçim nəticəsində müəyyənləşəcək. “Lans”a isə sırf “Bakı”nın 17 yaşadək futbolçuları yollanacaq. Bütün məşqçilərimiz PRO kateqoriyalıdırlar. Onlar Avropanın daha da inkişaf etmiş ölkələrinə təcrübəyə göndərilə bilərlər”.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1403

Oxşar yazılar