“Neftçi” və Kanalesin şousu ilə bağlı 9 məqam - STATİSTİKA
19 noyabr 2012 16:23 (UTC +04:00)

“Neftçi” və Kanalesin şousu ilə bağlı 9 məqam - STATİSTİKA

Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşmada vurulan 9 qol 9 məqamla əlamətdar olub.



1. Yeni stadion

Çempion ev oyununu 8-ci kilometr stadionunda keçirdi. Bu, yeni inşa olunmuş arenada ilk çempionat matçı idi. Bununla da cari mövsüm Topaz Premyer Liqasının matçlarını qəbul edən arenaların sayı 14-ə çatdı. Bunadək Bakıda 7 stadion – Tofiq Bəhramov adına stadionu, "Bakı"nın bazası, AZAL Arena, Bakıxanov qəsəbə stadionu, Dalğa Arena, “Şəfa” və Bayıl Arena, həmçinin Gəncə, Qəbələ, Lənkəran, Sumqayıt, Tovuz və Zaqatalada Topaz Premyer Liqası klubları meydana çıxmışdı.

2. Mövsümün ən məhsuldar oyunu

9 qolun vurulduğu qarşılaşma mövsümün ən məhsuldar oyunu oldu. Bununla da sentyabrın 16-da baş tutan AZAL – “Qarabağ” matçındakı rekord qırıldı. Həmin matçda 8 qol vurulmuşdu və bakılılar 6:2 hesabı ilə qalib gəlmişdi. Sonuncu dəfə ən azı 9 qolun vurulması bu il martın 7-də qeydə alınıb. Həmin gün AZAL 6:3 hesabı ilə “Sumqayıt”a qalib gəlmişdi. Ümumilikdə isə ölkə çempionatlarının 20 illik tarixində 37-ci dəfə 1 oyunda 9 və daha çox qol vuruldu.

3. Mövsümün ən fərqli qələbəsi

“Neftçi” 7 top fərqi ilə qalib gələrək mövsümün ən böyük hesablı qələbəsini qazandı. Bunadək rekord “Qarabağ”a məxsus idi. Ağdamlılar avqustun 19-da elə indi uduzan “Sumqayıt”ı 5 top fərqi ilə üstələmişdi – 6:1. “Neftçi”dən fərqli “Qarabağ” bunu səfərdə gerçəkləşdirmişdi. Sonuncu dəfə 2008-ci il noyabrın 22-də ən azı 7 top fərqilə qələbə qeydə alınıb. Həmin gün “Bakı” “Turan”ı 7:0 hesabı ilə məğlub edib. Ümumilikdə isə 20 illik çempionatlar tarixində 45-ci dəfədir ki, bir komanda 7 və daha çox fərqlə qalib gəlir.

4. “Bakılı”dan sonra bunu bacaran olmamışdı

“Neftçi” cari mövsümdə 1 oyuna ən çox qol vuran komanda oldu. 8 qol vuran bakılılar “Qarabağ” və AZAL-a məxsus rekordu 2 top yaxşılaşdırdı. “Qarabağ” avqustun 19-da “Sumqayıt”a 6 qol vurub, sentyabrın 16-da AZAL-dan 6 qol buraxıb. 1 oyunda 8 qol vuran sonuncu komanda “Bakılı” idi. 2003-cü il noyabrın 15-də paytaxt futbolçuları Sumqayıtın digər klubu “Xəzər”i 8 qolla məyus etmişdi – 8:2. 20 illik çempionatlar tarixində ümumilikdə 35-ci dəfədir ki, hansısa komanda 1 oyuna 8 və ya daha çox qol vurur.

5. “Sumqayıt” üçün qara tarix

Sonuncu dəfə avqustun 26-da böyük hesabla uduzan “Sumqayıt” Qəbələdə eyniadlı komandaya 1:4 hesabı ilə yenildikdən 82 gün sonra eyni aqibətə üzüldü. Lakin klub tarixində 11-ci böyük hesablı olan nəticə ən acınacaqlı oldu. İlk dəfə 7 top fərqilə uduzan “Sumqayıt” 1 oyunda 8 qol buraxmamışdı. “Neftçi”yədək “Gənclik şəhəri” təmsilçisi ən pis halda 6 dəfə üzülmüşdü.

6. “Neftçi” 14 ildən sonra

Tarixində 9-cu dəfə ən azı 7 top fərqilə qalib gələn “Neftçi” sonuncu dəfə 12 il əvvəl bunu bacarmışdı. Ötən əsrin sonlarında 2000-ci il sentyabrın 9-da “Neftçi” Naxçıvan “Araz”ını 7:0 hesabı ilə məğlub etmişdi. “Neftçi”nin 8 və ya daha çox qol vurduğu son matç isə daha əvvəl – 1998-ci il dekabrın 7-də olub. 14 il öncə “ağ-qaralar” “Şahdağ”ın qapısından 11 qol keçirib – 11:0. Ümumilikdə isə bakılılar 6-cı dəfə 8 və ya daha çox qol vurdu.

7. Mövsümün 2-ci, tarixdə 35-ci

Cari mövsümdə 2-ci dəfə 1 futbolçu 4 qola imza atdı. “Neftçi”nin hücumçusu Nikolas Kanales AZAL-ın braziliyalı legioneri Junior Nildodan sonra poker müəllifi olan 2-ci futbolçu kimi tarixə düşdü. Nildo sentyabrın 16-da “Qarabağ”ın qapısına 4 qol vurmuşdu. 2004/05 mövsümündən sonra ilk dəfə 1 mövsümdə 1-dən artıq poker qeydə alındı. Ümumilikdə isə 20 illik çempionatlar tarixində 35-ci dəfə poker gerçəkləşdi.

8. 7-ci legioner

Kanales Azərbaycan çempionatlarında pokerə imza atan ilk çilili olmaqla yanaşı bunu bacaran 7-ci legioner kimi tarixə düşdü. 2004/05 mövsümündə İssa Nikiema (“Gənclərbirliyi”), Mixail Xutsişvili (“Kəpəz”), Fernando Peres (“Bakı”), 2007/08 mövsümündə Vitali Balamestnı (“Qəbələ”), 2008/09 mövsümündə İvan Tsvetkov (“Xəzər-Lənkəran”), cari çempionatda isə Kanalesə qədər Junior Nildo (AZAL) 1 oyunda 4 qol vurmuşdu.

9. Nazim Əliyevin davamçısı

Nikolasa qədər “Neftçi”nin cəmi 2 futbolçusu çempionatda poker etmişdi. 1992 mövsümündə Samir Ələkbərov iki dəfə, Nazim Əliyev isə 1994/95 və 1995/96 mövsümlərində bunu bacarmışdı. Bu 2 futbolçunun 4 pokerindən sonra 17 il idi ki, bakılıların futbolçuları 1 matçda 4 qol vurmurdu. 1995-ci sentyabrın 10-da OİK-lə ev oyununda (5:1) 4 qol vuran Əliyevdən sonra Kanales bunu bacardı. O, klubun Azərbaycan çempionatlarında 5-ci pokerini gerçəkləşdirib, buna nail olan ilk legioner və 3-cü futbolçu oldu.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1361

Oxşar yazılar