“Klubumuzun Mübariz Mənsimov kimi sahibi var...”
16 noyabr 2012 17:42 (UTC +04:00)

“Klubumuzun Mübariz Mənsimov kimi sahibi var...”

“Xəzər Lənkəran” futbol klubunun vitse-prezidenti Tuyqun Nadirov komandanın baş məşqçi postuna məhz Karles Martorell Bakesi gətirmələrinin səbəbini açıqlayıb. Lent.az-ın məlumatına görə, Nadirov ispaniyalı mütəxəssisin qeyri-rəsmi olaraq, idman direktoru səlahiyyətlərini də yerinə yetirəcəyini bildirib.

O deyib ki, yeni baş məşqçi transfer məsələlərindəki boşluqları da aradan qaldırmalıdır: “İndiyədək komandamızda transferlər baş məşqçilərin boynuna düşüb. Daha transfer çalışmaları “pəncərə” açılan kimi olmayacaq. Klubumuzda skaut sistemi quracaq. Qış transfer dövründə heyəti elə formalaşdırmaq lazımdır ki, yayadək oturuşmuş heyəti olsun. Bu praktika 4-5 il qabaq var idi. Biz öz nümayəndələrimizi Braziliyaya göndərərək, səviyyəli futbolçular gətirmişdik. Artıq yaralı yerimiz olan transfer məsələləri sistemli həyata keçiriləcək. Bütün sabiq baş məşqçilərimizə hörmətim var. Amma elə olmamalıdır ki, hər 6 aydan bir xeyli transfer edilsin”.

Nadirovun sözlərinə görə, “Xəzər Lənkəran”ın heyətində səviyyəli legionerlərlə yanaşı, qapıçı Orxan Sadıqlı kimi aşağı yaş qruplarından yetişən futbolçuların da sayı çox olmalıdır. Onlar klubun rənglərinə hörmət bəsləməlidirlər: “Bu, “Barselona”da daha yüksək səviyyədə qurulub. Ona görə də Kataloniya komandasında çalışmış mütəxəssis dəvət etdik. Bakes məşqçilərə məşqçiliyin dərsini keçən mütəxəssisdir. Professor dərəcəsində olan şəxsdir. Türkiyədə “Qalatasaray”ın məşqçilərinə dərs keçib. Yeni baş məşqçimiz “Xəzər Lənkəran”a titullar qazandırmaqla yanaşı, uşaq məktəbi qurmaq, transferləri yeni sistemə salmağa dair öhdəlik götürüb”.

Bununla yanaşı, klub rəsmisi məşqçilər heyətini formalaşdırmaq və hansı futbolçularla davam etməyin Bakesdən asılı olduğunu vurğulayıb. O bildirib ki, yeni baş məşqçi qışda 2-3 futbolçu alınmasının mümkünlüyünü desə də, yeni futbolçuların sayı daha çox ola bilər: “Hər bir məşqçi öz heyətini formalaşdırır. Bu, heyət Bakesə xoşdursa, onlarla çalışa bilər. Özünə yeni köməkçi-məşqçilər götürmək istəyirsə, yenə şərait yaradacağıq. Bir neçə gün öncə hücumçu Beto ilə müqaviləni qarşılıqlı şəkildə dayandırdıq. Onun əvəzinə yeni futbolçu cəlb olunmalıdır. Branimir Subaşiçlə müqaviləmiz dekabrda başa çatır. Baş məşqçimiz istəsə, Subaşiçlə anlaşmanı uzadacağıq, yollarımızı ayırmağımızı istəsə, yenisi alınacaq. Məşqçi korpusunun istədiyi futbolçuların sayı nə qədər çox olsa, o qədər gətiriləcək. “Xəzər Lənkəran”ın yarandığı 2004-cü ildən indiyədək bəlli büdcəsi olmayıb. Çünki klubumuzun Mübariz Mənsimov kimi sahibi, “Palmali” kimi sponsoru var. Baş məşqçilərimiz kimi istəyiblərsə, onlar da alınıblar. Onların qarşısına transfer büdcəsinin miqdarı və ya alınacaq futbolçuların sayı ilə bağlı şərt qoyulmayıb”.

Nadirov qeyd edib ki, Bakesin işinə göstərdiyi nəticələrə əsasən qiymət veriləcək. Onun sözlərinə görə, yeni baş məşqçinin qarşısına mövsümün sonunda çempion olmaq, ölkə kubokunun sahibi olmaq vəzifəsi qoyulsa da, Avrokubokları da nəzərə almaq lazımdır.

“Xəzər Lənkəran” rəsmisi bundan sonra ən geci 6 ayda bir dəfə mətbuat konfransı keçirəcəklərini də söyləyib. O, belə bir qərarı klubla bağlı dezinformasiyalar, xoşagəlməz məlumatların yayılması ilə əlaqədar verdiklərini söyləyib. Nadirov bildirib ki, komandanın göstərdiyi nəticələrdən asılı olmayaraq, jurnalistlərlə görüş keçiriləcək.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1628

Oxşar yazılar