““Xəzər Lənkəran”ı çempion etməyə gəlmişəm” - MÜSAHİBƏ
16 noyabr 2012 16:08 (UTC +04:00)

““Xəzər Lənkəran”ı çempion etməyə gəlmişəm” - MÜSAHİBƏ

Lent.az-ın məlumatına görə, bununla bağlı keçirilən tədbirdə Bakes jurnalistlərin çoxsaylı suallarını cavablandırıb:

- Öncə təyinatınız barədə danışardınız?

- Öncə mənə belə bir imkanı yaratdıqları üçün klubun sahibi Mübariz Mənsimov və klub prezidenti Mais Mənsimova minnətdarlıq edirəm. “Xəzər Lənkəran” kimi klubun baş məşqçisi təyin olunduğum üçün şadam. Əvvəllər də Lənkəranda olmuşam və bir oyun izləmişəm. Bu, uzun müddət əvvəl olub. Komanda haqqında kifayət qədər məlumatlıyam. Komandanın hədəflərini də bilirəm.

- Siz mayda Qəbələdə uşaq futbol məşqçiləri üçün keçirilmiş seminarda olmuşdunuz?

- Bəli. Qəbələdəki məşqçilər üçün kurs keçməyə gəlmişdim. Mən də onların arasında idim.

- Köməkçilərinizi dəyişəcəksiniz?

- Ümumiyyətlə, böyük dəyişiklik etmək fikrim yoxdur. Heyətdə çox yaxşı, səviyyəli oyunçular var. Ola-bilsin, 1-2 transferlər olsun. Amma nə məşqçi heyətini, nə də futbolçuları dəyişmək fikrim yoxdur.

- Klub çoxdandır çempion ola bilmir. Komanda ilə çempion olacağınıza və Avropa kuboklarında uğurla çıxış edəcəyinizə söz verirsiniz?

- Mən komandanı çempion etməyə gəlmişəm. Bunun üçün əlimizdən gələni edəcəyik. Həm məşqçilər heyəti, həm də rəhbərliyin sayəsində. Çalışacağıq ki, bu xoşagəlməz seriyaya son qoyaq.

- Bunadək hansı klublarda çalışmısınız?

- Yarımpeşəkar səviyyədə futbolçu olduqdan sonra məşqçiliyə başlamışam. “Barselona”nın bütün dünyada təşkil olunan kamp kurslarına qatılmışam.

- Amma heç bir klubda baş məşqçi olmamısınız. Bu, Sizə problem yaratmayacaq?

- “Barselona”nın hansı ənənəyə, tarixə malik olması hamıya bəllidir. Onun içində olmaq hər şey deməkdir. Bu baxımdan heç bir problem olmayacaq. Lakin bu o demək deyil ki, “Barsa”da işləyirsənsə, hər şeyə qadirsən. Sadəcə, böyük tarixə, ənənəyə malik olan klubda çalışdığımı demək istəyirəm. Zaman keçdikcə qazanılan nəticələrdən sonra hər şeyi görəcəksiniz.

- Müqavilə imzalamamışdan öncə rəhbərlik qarşınıza şərt qoyub?

- Ümumiyyətlə, bu komandanın bəzi oyunlarını izləmişəm. Oyunçuların səviyyəsini gördükdən sonra özünə güvənən məşqçi komandanı çempion edib-etməyəcəyinə dair qərar verə bilər. Mən də bunu gördüyüm üçün iddialıyam.

- Azərbaycan çempionatı barədə məlumatlısınız?

- Bu komandanın oyunları ilə yanaşı, ötən ilin mayında Azərbaycanda olaraq, Premyer Liqanın 3-4 oyununu izləmişəm. Ona görə də çempionat barədə məlumatlıyam.

- Azarkeşlər “Xəzər Lənkəran”ın məğlubiyyətini qəbul edə bilmirlər…

- Əgər məğlubiyyəti həzm etmirlərsə, lap yaxşı. Biz də məğlub olmağı sevmirik. Ona görə də azarkeşlər stadionlara gəlsinlər, biz də onların arzuladıqları oyunu nümayiş etdirməyə çalışacaq.

- Azərbaycandan aldığınız təklifi digər təklifləriniz olmadığı üçün qəbul etdiniz?

- Böyük klubda çalışmaq başqa, hər hansı komandaya rəhbərlik etmək başqadır. Hər hansı iddialı klubda çalışmağı çoxdan qarşıma məqsəd qoymuşdum. Təklif aldığım vaxt qəbul etdim.

- Hansı taktiki sxemə üstünlük verirsiniz?

- Mən komandanın daha çox topa sahib olmasını, meydanda özünü rahat hiss etməsini, müdafiədən hücuma tez keçməsini, cinah müdafiəçilərinin hücuma qoşulmasını istəyirəm.

- Belə anlamaq olarmı ki, “Barselona” kimi oynayacaqsınız?

- Hər bir məşqçi heyətdəki oyunçulara əsasən sistemi qurur. “Barselona” və “Xəzər Lənkəran”ın oyunçularını eyniləşdirmək olmaz. Hər bir oyunçunun bacarığına, səviyyəsinə uyğun sistemi quracağıq.

- Sizin gəlişinizlə “Xəzər Lənkəran”da ispaniyalı oyunçu olacaq?

- Heyətimiz bir qədər qısadır. Fasilə dönəmində 2-3 transfer etməyi planlaşdırırıq. Onların milliyyətinə yox, oyun üslubu və yerli şəraitə uyğunlaşma dərəcəsinə baxacağıq.

- “Xəzər Lənkəran”ın Azərbaycan millisinin heyətində Şimali İrlandiya ilə keçirdiyi oyundakı futbolçularını izlədinizmi?

- Təəssüf ki, oyunu izləyə bilmədim. Çünki həmin vaxt yolda idim. “Xəzər Lənkəran”ın oyunlarını izləmişəm. Komandanın millidə çıxış edən futbolçuları barədə məlumatlıyam. Təbii ki, bizim üçün vacib oyunçulardırlar. Onlar təcrübələri ilə gənclərə dəstək olacaqlar.

- Hansı mövqelərə oyunçu alacağınızı müəyyənləşdirmisiniz?

- Mən transfer etmək xatirinə transfer edəcəyimizi demədim. Hansı mövqelərə oyunçu alacağımızı dəqiqləşdirmişik. Amma bu, məşqçi heyətinə aid məsələdir. Açıqlasam, həmin mövqelərdəki oyunçulara hörmətsizlik edərdim.

- Artıq növbəti turda “Bakı” ilə üz-üzə gələcəksiniz. Bu, nəhs tura təsadüf edəcək...

- Mən belə şeylərə inanmıram. Fərqi yoxdur, nəinki 13-cü, növbəti turlarda da qələbə qazanmağa çalışacağıq.

- Niyə məhz sizin üzərinizdə seçim aparıldığını təhlil etmisinizmi? Sizi digər mütəxəssislərdən fərqləndirən hansı cəhətinizdir?

- Fikrimcə, bu sual mənə ünvanlanmalı deyil. İşim komandanı taktiki cəhətdən hazırlamaq olacaq. Bu gün komandanı iş başında gördüm. Yalnız taktiki planda müəyyən dəyişikliklər edəcəyəm. İşim öz taktikama uyğun hərəkət etmək olacaq.

- İşinizin nəticəsini nə zaman görəcəyik?

- Biz çalışırıq ki, gündən-günə komanda daha yaxşı təsir bağışlasın. Konkret müddət deyə bilmərəm. Qələbə qazanmağı qarşımıza məqsəd qoymuşuq. Qısa müddətdə yaxşı oyun göstərməyi hədəfləmişik. Bunu oyundan-oyuna etmək fikrindəyik.

- Aşağı yaş qruplarından futbolçu dəvət etmək fikriniz var?

- Tuyqun Nadirovla danışıqlar zamanı aşağı yaş qruplarına yardım göstərməyə, onların oyunlarını izləməyə çalışacağımız vurğulanıb. Əsas işimizdən biri də aşağı yaş qruplarından oyunçu dəvət etməkdən ibarət olacaq. Məşqçiyə hansısa oyunçunun transferini istəmək asandır. Əsas məsələ aşağı yaş qruplarındakı oyunçulardan düzgün yararlanmaqdır. Biz də buna çalışacağıq. Amma dərhal bu, mümkün deyil. Vaxt lazımdır. Zamanla bu məsələ də həllini tapacaq.

- Ailənizi Azərbaycana gətirmək fikriniz var?

- Mənim 2 övladım var. Bu mövsümün sonunadək ailəm İspaniyada olacaq. Amma növbəti mövsümdə də qalası olsam, gətirəcəyəm. “Xəzər Lənkəran” Lənkəranı təmsil edir. Oradakı şərait Lənkəranda məşq etmək imkanı verir. Mətbuat konfransına gec gəldiyimiz üçün üzr istəyirəm. Bu, yollardakı tıxacla əlaqədar oldu. Bakıdakı tıxac Barselonadakından da pisdir.

Qeyd edək ki, Karles Martorell Bakes akademik təhsilinə Barselona Universitetində bədən tərbiyəsi üzrə bakalavr dərəcəsi ilə başlayıb. O, “Barselona” futbol klubunda məşqçilik metodologiyası üzrə master dərəcəsi, FIFA PRO A məşqçi lisenziyası (İspaniya Futbol Liqasında məşqçi işləmək üçün ən yüksək dərəcə), klub nəzdində məşqçi-direktor kimi önəmli məqamlar diqqəti cəlb edir.

Peşəkar futbol təcrübəsinə 2005-ci ildə “Deportivo Ribes” futbol klubunda başlayan Bakes 2006-cı ilə qədər buradakı baş məşqçi postunda qalıb işləyib. O, 2006-cı ildə bu postu tərk edərək 1 il Barselonanın Pia de Sarria-Calassanc adlı məşqçilərin formalaşması və inkişafı məktəbində məşqçi və müəllim kimi çalışıb. İspaniyalı mütəxəssis eyni zamanda 2006 - 2008-ci illərdə “Vilanova” ve “La Geltru” futbol klublarında baş menecer ve idman direktoru kimi fəaliyyət göstərib. Bakes 2008 - 2010-cu illərdə “Subrunese” klubunda baş məşqçi vəzifəsini icra edib, 2008 – 2012-ci illərdə “Barselona” nəzdində məşqçi-direktor olub. Futbolçu karyerası ərzində Kataloniya Futbol Federasiyasında məşqçi və müəllim qismində hazırda “Barsa”nın əsas komandasında çıxış edən bəzi futbolçularla işləyib.

O, son olaraq Kataloniya Futbol Federasiyasında U-14 komandasında baş məşqçisi və direktor kimi çalışıb. “Xəzər Lənkəran” Bakyeslə 2013-2014-cü il mövsümünün sonunadək müqavilə bağlayıb.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1865

Oxşar yazılar