“Mən onların hamısını əla tanıyıram, qadındırlar”
16 noyabr 2012 10:49 (UTC +04:00)

“Mən onların hamısını əla tanıyıram, qadındırlar”

“Bu, həqiqətə uyğun olmayan məlumatdır. Mən Qana yığmasının futbolçularını əla tanıyıram. Onların hamısı qadındırlar”. Bunu Lent.az-a qanalı jurnalist, “LiveSoccerTV.com”un əməkdaşı Ancela Asante deyib.

Asante 22 sentyabr – 13 oktyabrda Azərbaycanda 17 yaşadək qızlar arasında keçirilmiş dünya çempionatında Qana millisinin heyətində kişi futbolçunun çıxış etməsinə dair Bolqarıstan mətbuatının yazdıqlarına münasibət bildirib. Həmin xəbərlərdə Vida Opokunun əslində vaxtilə “Levski”nin heyətində çıxış etmiş Aqyemanq Opoku olduğu iddia edilib. Xeyli vaxtdır Sofiya təmsilçisinin düşərgəsindən qaçan 23 yaşlı futbolçunun bu müddətdə həm cinsini, həm də yaşını dəyişdirərək, ölkəsinin 17 yaşadək qızlardan ibarət yığmasına kömək etməyə qərar verdiyi bildirilir.

Lakin qanalı həmkarımız Aqyemanq Opokunu tanımadığını deyib. Onun sözlərinə görə, bu futbolçu Qanada məşhur deyil: “Mən yalnız onu bilirəm ki, 17 yaşadək qızlardan ibarət yığmamızın bütün futbolçuları qadındırlar”.

Qeyd edək ki, Vida Opoku Azərbaycandakı dünya çempionatında bürünc medal qazanmış Qana millisinin heyətində 6 oyun keçirib. Bütün oyunlarda sonadək çıxış etmiş 15 yaşlı müdafiəçi Qananın “Olympique Marseille Ladies” klubunun üzvüdür.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2424

Oxşar yazılar