Çempionlar Liqası: Daha bir klub növbəti mərhələdə
08 noyabr 2012 10:20 (UTC +04:00)

Çempionlar Liqası: Daha bir klub növbəti mərhələdə

Lent.az-ın məlumatına görə, İspaniya “Malaqa”sı və Portuqaliya “Portu”sunun ardından daha bir klub 1/8 finala vəsiqəni təmin edib.

Bu, İngiltərə “Mançester Yunayted”idir. H qrupunda yer alan “qırmızı şeytanlar” “Braqa”nı bu dəfə Portuqaliyada yenməyi bacarıblar – 3:1. Bununla da 4 görüşdən maksimum – 12 xal yığan baş məşqçi Aleks Ferqyusonun komandası ən yaxın izləyiciləri üçün əlçatmaz olub. “Qalatasaray” isə eyni hesabla Rumıniyada ÇFR-ə qalib gəlib. Bu, “sarı-qırmızılar”ın ilk qələbəsi olub. “Cim-Bom” ilk xalını da 2 həftə öncə məhz bu komanda ilə evdəki görüşdə qazanmışdı. Hazırda hər iki klub 4 xalla 2-3-cü yerləri bölüşdürür.

İspaniya “Barselona”sı isə ilk məğlubiyyətlə üzləşib. Şotlandiyada “Seltik”ə uduzan Kataloniya komandası növbəti mərhələyə vəsiqə ümidlərini növbəti turlara saxlayıb. Bu yaxınlarda övladı dünyaya gəlmiş Lionel Messinin qolu “Barsa” üçün təsəllidən başqa bir şey olmayıb.

Ümumiyyətlə, IV turun ikinci oyun günü kifayət qədər məhsuldar alınıb. 8 qarşılaşmada qapılara 35 qol vurulub. 2 matçda isə böyük hesablı qələbə qeydə alınıb. “Yuventus” İtaliyada debütant Danimarka “Nordşelland”ını 4:0, “Bavariya” isə Almaniyada Fransa “Lill”ini 6:1 hesabı ilə məğlub edib. İspaniyada “Valensiya” ilə Belarus BATE-si arasında keçirilmiş oyunda 6, İngiltərədə “Çelsi” ilə Ukrayna “Şaxtyor”unun üz-üzə gəldiyi matçda 5, Portuqaliyada “Benfika” ilə Rusiya “Spartak”ının görüşündə 2 qol qeydə alınıb. Hər üç halda meydan sahibləri postsovet məkanı təmsilçilərindən üstün olublar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2002

Oxşar yazılar