Böyükağa Hacıyev:“Daha hansı tarixi yazmağımı istəyirsiniz?”
07 noyabr 2012 20:32 (UTC +04:00)

Böyükağa Hacıyev:“Daha hansı tarixi yazmağımı istəyirsiniz?”

”Yenə də həmişəki kimi iddialıyam. Həyatda məni öldürmək olar, sındırmaq olmaz”. Lent.az-ın məlumatına görə, bunu “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev Rusiya “Rubin”i ilə noyabrın 8-də keçirəcəkləri Avropa Liqası matçı öncəsi mətbuat konfransında deyib.

54 yaşlı mütəxəssis bildirib ki, rəqib həmkarı Böyükağa Hacıyevin öz futbolçularını peşəkar adlandırması, “Neftçi”nin isə qeyri-peşəkarlığına işarə vurmasına əhəmiyyət vermir: “Bu, Berdıyevin fikridir. Böyükağa Hacıyevin yox. Mənim 54 yaşım var. Fikirləşirsiniz ki, cavan olsaydım, asım-kəsəcəkdim. Çalışın ki, məni yandırmayasınız”.

“Mən müqaviləyə qol çəkəndə bütün oyunları udacağımız barədə bənd olmayıb. Mən ya uduram, ya da uduzuram. Bütün rəqiblərə ad-sanından asılı olmayaraq, açıq futbol təklif edirəm” deyən təcrübəli mütəxəssis hansı taktika ilə oynayacaqlarına sabah səhər qərar verəcəyini bildirib. Lakin o, start heyətində “Qəbələ” ilə Topaz Premyer Liqasının XII tur qarşılaşmasında uğurla çıxış etmiş Emin Mehtiyevə şans verəcəyini gizlətməyib: “Unutmayın ki, heç vaxt haqqı nahaqqın ayağına verə bilmərəm. Əgər Mehtiyev kütlənin, azarkeşlərin, mətbuatın rəğbətini qazanıbsa, deməli start heyətində meydana çıxacaq”.

Hacıyev Bahodir Nasimov, Cavid İmamverdiyev və Rodriqinyonun yoxluğuna təəssüflənərək, deyib ki, Nasimov və ya İmamverdiyev hazır olsaydı, meydana 2 hücumçu buraxacaqdı: “Yeganə mərkəz hücumçusu Nikolas Kanalesdən i nə qədər istifadə etmək olar?”

Baş məşqçi “Rubin”ə qarşı fərqli taktika oynayacaqlarını da açıqlayıb: “Avroliqada “Neftçi” ikinci hissədə birinciyə nəzərən yaxşı oynayır. Bu, komandamızın fiziki göstəricilərinin yaxşı səviyyədə olmasından xəbər verir. Çalışmışıq ki, gənclərlə təcrübəlilərin vəhdətini yaradaq. Çox təəssüf ki, təcrübəlilər qaçır, gənclər yerində sayır. “Rubin”in “Barselona” kimi komandaya qalib gəldiyini bilirik. Amma bu, bizi qorxutmur. Oyuna bir gün qalmış mənim əsdiyimi görsəniz, siz də əsərsiniz”.

Hacıyev Avropa Liqasında ilk qələbəni qazanmağa çalışacaqlarına da söz verib: “İnanıram ki, yetirmələrimiz bizi sevindirəcək və ilk qələbəni əldə edəcəklər. Fərdi səhvlərə yol verməsək, kollektiv şəkildə çalışacağıq ki, “Rubin”ə təslim olmayaq. Azarkeşlərin də komandamızı dəstəkləyərək, futbolçulara mənəvi ruh verəcəklərinə inanıram. Amma mən arxı tullanmamış hopp demirəm. Heç vaxt öncədən proqnoz vermirəm. Proqnoz versəydim, mən də Topaz oynardım. Mən 8 oyuna “Bakı”nı çempion etmişəm. “Neftçi”nin Avropa Liqasının qrup mərhələsinə düşməsi də bir tarixdir. Sabah 3-cü tarixi də yazacağımızı istəyirsiniz. Bu da baş versə, daha nə istəyirsiniz?”

Sonda təcrübəli mütəxəssis xarici klublardan təklif almasına dair xəbərlərə münasibət bildirib. Hacıyev bu məqsədlə 2 menecerin Bakıya gəldiyini və sabah “Rubin”lə oyunda iştirak edəcəklərini açıqlayıb. Lakin baş məşqçi hazırda “Neftçi”nin sərəncamında olduğunu xatırladıb: “Bu komanda ilə gələn ilin mayınadək müqaviləm davam edir. Klub prezidenti Sadıq Sadıqov mənə çox hörmət edir. Bir-birimizi yarım sözdən başa düşürük. Ona görə də sabah, tutaq ki, Rusiyada çalışsam, bilmirəm necə olacaq. Amma gələn il müqaviləm başa çatsa, 2-3 il xaricdə işləmək fikrim var”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “Rubin” matçı saat 21:00-da başlanacaq.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1366

Oxşar yazılar