Kurban Berdıyev: “Neftçi” evdə gözəl oyun sərgiləyir”
07 noyabr 2012 18:10 (UTC +04:00)

Kurban Berdıyev: “Neftçi” evdə gözəl oyun sərgiləyir”

Lent.az-ın məlumatına görə, bunu Rusiyanın “Rubin” klubunun baş məşqçisi Kurban Berdıyev “Neftçi” ilə noyabrın 8-də keçirəcəkləri futbol üzrə Avropa Liqası matçı öncəsi mətbuat konfransında deyib. “Nefçti”nin öz meydanında yaxşı oynadığını deyən Berdıyev flaqmanın güclü azarkeş dəstəyi altında çıxış edəcəyini də xatırladıb. Bu səbəbdən, türkmənistanlı mütəxəssis oyuna ciddi hazırlaşdıqlarını vurğulayıb.


“Rubin”in baş məşqçisi “ağ-qaralar”ın heyətində heç kimi fərqləndirmək istəməyib. O, fikirlərini “Neftçi”nin kollektiv oyun sərgiləməsi ilə əlaqələndirib: ““Neftçi” adətən öz meydanında gözəl oyun sərgiləyir. Nəticəni isə əvvəldən demək istəmirəm”.


Berdıyev komandasını motivasiya etməyə gərək duymadığını da əlavə edib. Onun sözlərinə görə, futbolçuları hansı mötəbər turnirdə oynadıqlarını anlayırlar: “Ona görə də əlavə sözlərə gərək yoxdur.

Təcrübəli mütəxəssis “Rubin”in hazırda 7 xalla qrup ikincisi olmasına və ən yaxın rəqibi “Neftçi”ni 6 xal qabaqlamasına baxmayaraq, hələ növbəti mərhələ barədə danışmağın tez olduğunu deyib: “Çünki irəlidə bizi 3 oyun gözləyir”.

Berdıyev Rusiya çempionatında Avropa kuboklarında çıxış edən bütün komandalar kimi “Rubin”ə də müəyyən güzəştlərin edildiyini söyləyib. Lakin o, heç bir oyunun təxirə salınmadığını vurğulayıb: “Əlbəttə, bizə də müəyyən güzəştlər edilir. Amma oyunu bir gün sonraya keçirirlər”.

Berdıyev “Rubin”in oyunçularından Salvatore Boketti və Aleksandr Ryazantsevin zədə üzündən Bakıya gəlmədiyini söyləyib. O, “Mordoviya” ilə Rusiya Premyer Liqası matçında 2 qol vurmuş Vladimir Dyadyuna “Neftçi” ilə matçda da şans verəcəyini açıqlayıb.

Nəhayət, baş məşqçi hazırda “Xəzər Lənkəran”da çıxış edən Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun qışda “Rubin”ə keçəcəyi barədə xəbərlərə aydınlıq gətirib: “Bu keçidin demək olar ki, həll olunduğunu ilk dəfə sizdən eşidirəm. Abışov hazırda nə “Neftçi”də, nə də “Rubin”də oynayır. Ona görə də bu barədə danışmaq istəmirəm. Gəlin, sabahkı oyundan danışaq. Kazandakı mətbuat konfransında demişəm ki, o, “Rubin”də baxışda olub. Çox yaxşı futbolçudur”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “Rubin” matçı saat 21:00-da başlanacaq.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1011

Oxşar yazılar