Azərbaycanda Milli Olimpiya Komitəsinin 20 illik yubileyi qeyd ediləcək
01 noyabr 2012 16:26 (UTC +04:00)

Azərbaycanda Milli Olimpiya Komitəsinin 20 illik yubileyi qeyd ediləcək

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 20 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yubiley tədbirlərində təkcə idman ictimaiyyəti deyil, paytaxt əhalisi də yaxından iştirak edəcək.

Noyabrın 4-də saat 13:00-dan başlayaraq, Dənizkənarı Milli Parkda müxtəlif tədbirlər həyata keçiriləcək. İdman həvəskarları və şəhər sakinləri Azərbaycan Olimpiya Hərəkatının uğurlarını əks etdirən fotostendlərlə tanış olacaqlar. Bundan başqa idmansevərlər ayrı-ayrı idman növləri üzrə olimpiya çempionları və mükafatçılarımızla şəkil çəkdirmək və onlardan avtoqraf almaq imkanı qazanacaqlar. Peşəkar fotoqraf tərəfindən çəkilən fotoşəkillər www.idman.com.az saytında yerləşdiriləcək və hamı öz şəklini həmin saytdan pulsuz götürə biləcək.

Bundan başqa, mərasim iştirakçıları boks, cüdo, taekvondo, qol güləşi, gimnastika, kapoeyra, zorxana və güləş idman növlərində peşəkar idmançıların nümunəvi çıxışlarını izləyəcək və arzu edənlər həmin idman növlərində öz qüvvə və bacarıqlarını məşqçilərin müşayiəti ilə yoxlaya biləcəklər.

Tədbirdə Milli Olimpiya Komitəsinin 20 illiyinə həsr olunmuş yürüş də təşkil ediləcək. Yürüşün qaliblərinə qiymətli hədiyyələr təqdim ediləcək.

Saat 18.30-da başlanacaq möhtəşəm konsert proqramı ilə tədbirlərə yekun vurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 708

Oxşar yazılar