Azərbaycan Taekvondo Federasiyasında yeni təyinat - FOTO
31 oktyabr 2012 12:17 (UTC +04:00)

Azərbaycan Taekvondo Federasiyasında yeni təyinat - FOTO

Federasiyanın I vitse-prezidenti Füzuli Musayevin Lent.az-a verdiyi məlumata görə, Nağı Səfərov vitse-prezident vəzifəsinə təyin olunub.

O bildirib ki, əvvəllər qurumda məsul katib postunu tutmuş Səfərov bundan sonra ATF-dəki işlərlə birbaşa məşğul olacaq. Musayev isə Fövqəladə Hallar Nazirliyi (FHN) İdman Klubunun rəisi kimi təkcə taekvondo deyil, boks, güləş, cüdo, atletika növləri üzrə idmançı hazırlığına nəzarət edəcək: “Mən federasiyanın I vitse-prezidenti vəzifəsində qalıram. Amma əsas işim FHN-in idman klubu ilə bağlı olacaq. Bu yaxınlarda start götürəcək boks üzrə Azərbaycan çempionatında 10 çəki dərəcəsindən 9-da təmsil olunacağıq. Boksçularımıza hazırlıq üçün Taekvondo Mərkəzində yer verilib. Eyni zamanda, bir neçə güləşçi müraciət edərək, klubumuzu təmsil etmək istədiklərini bildirib. Onlar öz çəki dərəcələrində hazırda bir nömrəli deyillər və elə də tanınmırlar. İstəyirik ki, yüksək səviyyəli hazırlıq keçərək, uğurlu çıxışları ilə klubumuzu təmsil etsinlər. Klubumuzun nəzdində taekvondo bölməsi də var. K-1 döyüşləri üzrə tanınmış idmançı Pərviz Abdullayev də bundan sonra bizim klubu təmsil edəcək. Voleybol və futzal bölmələri açmaq da planımızdadır. İnşallah, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına yüksək səviyyəli idmançılar hazırlayacağıq”.

Maddi-texniki bazaya gəlincə, Musayevin sözlərinə görə, hazırda Bakının Hövsan qəsəbəsində tikilən FHN-in Akademiyasının yanında böyük idman qurğusu da tikilir. Bu qurğu bir ilədək hazır olacaq.

Nağı Səfərov isə Lent.az-a açıqlamasında bildirib ki, ATF-də beynəlxalq məsələlər üzrə vitse-prezident vəzifəsinə təyin olunub: “Füzuli Musayevin FHN-in idman klubunda işləri çoxalıb. Digər vitse-prezident Aydın Əliyev isə Dövlət Gömrük Komitəsinin sədridir. Bu səbəbdən, mənə federasiyada daha məsul vəzifə həvalə edilib. Amma əsas işim beynəlxalq məsələlərlə bağlı olacaq”.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2889

Oxşar yazılar