“Bakı”nın antirekordu və 39 komandadan buraxdığı 401 qol
31 oktyabr 2012 11:03 (UTC +04:00)

“Bakı”nın antirekordu və 39 komandadan buraxdığı 401 qol

Lent.az-ın məlumatına görə, baş tutan 2 qarşılaşmada 2 seriya qırılıbsa, ikisi davam edib.

Mövsümün rekordu

Bu seriyalardan ikisi “İnter”in adı ilə bağlıdır. Bakılıların həm mövsümün, həm də klub tarixinin rekordu olan 5 oyunluq quru seriyası “Kəpəz”lə matçda qırıldı. Sonuncu dəfə avqustun 25-də “Turan”la matçda qol buraxan “İnter” 66 gündən sonra qapısında qol gördü. Qarşılaşmanın 5-ci dəqiqəsində paytaxt təmsilçisinin qapısına yol tapan Elxan Əzizov 561 dəqiqədən sonra “İnter”ə üzüntü yaşatdı.

Rekordun təkrarı

“Simurq”un 4 oyunluq quru seriyasını ötən tur qıran “İnter” Zaqatala təmsilçisinin daha bir rekorduna şərik olub. Sonuncu dəfə avqustun 10-da səfərdə “Qəbələ”yə uduzan bakılılar 8 qarşılaşmadır ki, yenilmir. Bununla da paytaxt təmsilçisi “Simurq”un ilk 8 turdakı mövsüm rekordunu təkrarlayıb. 81 gündür uduzmayan “İnter” bu 8 görüşdə 6 qələbə qazanıb və 2 heç-heçə edib. “Simurq”un 8 oyunluq məğlubiyyətsizlik seriyası isə 5 qələbə və 3 heç-heçə ilə əlamətdar olmuşdu.

45 gündən sonra

“Bakı” və AZAL arasında paytaxt derbisi 5 oyundur qələbə qazana bilməyənlərin dueli olub. Sentyabrın 16-da “Qarabağ”ı 6:2 hesabı ilə məğlub etdikdən sonra uğursuzluq zolağına düşən AZAL 45 gündən sonra qalib gəlib. AZAL bunadək son 5 qarşılaşmada 3 heç-heçə edib 2 məğlubiyyətə üzülmüşdü.

Antirekordun təkrarı

“Bakı” isə mövsümün antirekorduna şərik olub. Paytaxtın eyniadlı təmsilçisi “Qəbələ” kimi ardıcıl 6 oyunda qələbə qazanmayıb. Avqustun 26-da “Kəpəz”i 3:1 hesabı ilə məğlub edən bakılılar 65 gündür qələbə qazanmır. Bu müddətdə “Bakı” 4 heç-heçə edib və 2 dəfə uduzub.

39 komandadan 401 qol

Digər tərəfdən, AZAL-la oyununda buraxılan ilk qol “Bakı” üçün yubiley xarakteri daşıyıb. Belə ki, Viktor İqbekoyinin vurduğu top paytaxtın eyniadlı təmsilçisinin Premyer Liqada buraxdığı 400-cü qol olub.

2004-cü ildən indiki adını daşıyan “Bakı” əvvəllər də oynadığı matçlarla birlikdə güclülər dəstəsində 426-cı qarşılaşmasına çıxıb. Bu oyunlarda komandanın 190 qələbəsi, 98 heç-heçəsi və 138 məğlubiyyəti var. Turnir cədvəllərinə əsasən top fərqi 559-410 olan komanda 8 texniki qələbə və 3 texniki məğlubiyyətlə üzləşib. Bu isə komandanın 535 qol vurub 401-ni buraxdığını göstərir.

Bakılılar 2001/2002-ci il mövsümündə ən çox – 53 qol, 2006/2007-ci il mövsümündə ən az - 10 qol buraxıb. Cari mövsüm isə onlar artıq 8 dəfə qapısında qol görüb.

Paytaxt təmsilçisi indiyədək qarşılaşdığı 39 komandadan ikisindən qol buraxmayıb. “Ədliyyə” 4, ABN isə 2 qarşılaşmada “Bakı”nın qapısına yol tapmayıb. “Neftçi” 57, “Qarabağ” 46, “Kəpəz” 37 qol vurmaqla “Bakı”nın qapıçıları üçün ən qeyri-münasib rəqib olublar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 971

Oxşar yazılar