Kapello Azərbaycanla oynayacaqlarını rusiyalı jurnalistlərin yadına saldı
15 oktyabr 2012 19:48 (UTC +04:00)

Kapello Azərbaycanla oynayacaqlarını rusiyalı jurnalistlərin yadına saldı

Futbol üzrə Rusiya milli komandasının baş məşqçisi Fabio Kapellonun Azərbaycan yığması ilə oyun öncəsi keçirdiyi mətbuat konfransında komik olay baş verib. Lent.az-ın “gazeta.ru”ya istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis oktyabrın 16-da keçirəcəkləri 2014-cü il dünya çempionatının seçmə qrup matçı barədə suallar gözlədiyi vaxt tam fərqli halla qarşılaşıb.

Mətbuat konfransında iştirak edən rusiyalı jurnalistlər ona digər mövzularda suallar yağdırmağa başlayıblar. Kapello 4 belə sualı səbirlə cavablandırdıqdan sonra deyib: “Əgər sizin başqa sualınız yoxdursa, özüm soruşmaq istərdim: Unutmamısınız ki, sabah biz Azərbaycanla oynayırıq?”

Bundan sonra təcrübəli mütəxəssis yığmamızla matçın asan keçməyəcəyini açıqlayıb: “Azərbaycan millisi əvvəlki görüşlərində maraqlı, mütəşəkkil oyun sərgiləyib. Biz ilk dəqiqələrdən meydana hazırlıqlı çıxmalı və rəqibə öz oyununu göstərmək imkanı verməməliyik”.

Kapello millimizin güclü tərəflərindən danışarkən, deyib ki, rəqib həmkarı Berti Foqtsu və onun öz komandasına necə oyun aşıladığını yaxşı başa düşür: “Bu, çox mütəşəkkil, yaxşı təlim görmüş və matçın taleyini həll etməyə qadir komandadır. Mən tamamilə əminəm ki, Azərbaycan yığması özünə hörmət tələb edir. Bu komanda çoxsaylı qol vəziyyətləri yaratdığı halda, İsraillə heç-heçə edib, Portuqaliyaya qarşı isə ləyaqətlə mübarizə aparıb və yalnız matçın sonlarında qollar buraxıb. Rəqibimiz Moskvaya bərpa olunmuş halda gələcək. Buna görə də ilk dəqiqələrdən qətiyyətli və aqressiv olmalı və gec-tez qol vura biləcəyimizi düşünməməliyik”.

İtaliyalı baş məşqçi 1:0 hesablı qələbə qazandıqları Portuqaliya yığmasına qarşı oyunla müqayisədə, heyətdə kiçik dəyişikliklər ediləcəyini də açıqlayıb. O, oyun planında da dəyişikliyin mümkünlüyünü vurğulayıb: “Unutmayın ki, futbolu iki komanda oynayır və rəqibin çıxışından çox şey asılı olur. Şimali İrlandiyaya qarşı oyunumuzu yaxşı xatırlayıram: Rəqib tam heyətlə öz qapıları qarşısında müdafiədə oturmuşdu və bütün matç ərzində biz hücumda idik. Azərbaycan da böyük qüvvə ilə arxada oynasa, biz rəqib meydanında çıxış edəcəyik. Əgər onlar daha açıq futbol sərgiləsələr, aktiv müdafiə taktikasını seçməli olacağıq”.

Qeyd edək ki, “Lujniki” stadionunda keçiriləcək Rusiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
# 982

Oxşar yazılar