“Turan”a yeni baş məşqçi təyin olundu
12 oktyabr 2012 13:35 (UTC +04:00)

“Turan”a yeni baş məşqçi təyin olundu

Tovuzun “Turan” futbol komandasında baş məşqçi dəyişikliyi baş verib. Lent.az-ın məlumatına görə, oktyabrın 8-də Topaz Premyer Liqasının VIII tur matçında “Neftçi”yə 1:2 hesablı məğlubiyyətdən sonra komandanın baş məşqçisi Əsgər Abdullayev istefaya göndərilib.

Abdullayev köməkçiləri Eltay Aslanov və Nizami Sadıqovla birgə klubu tərk edib. Əvəzində baş məşqçi vəzifəsinə Əfqan Talıbov təyin olunub. Xəbəri Lent.az-ın əməkdaşı ilə söhbətində Talıbovun özü də təsdiqləyib. O bildirib ki, ötən gün “Turan”ın vitse-prezidenti Namiq Məstanovla görüşündə razılıq əldə olunub. Yeni baş məşqçi bu axşam Tovuza yollanacağını və oktyabrın 13-də “Turan”la rəsmi müqavilə imzalayacağını söyləyib. Bundan sonra isə komanda AZAL-la oktyabrın 20-də keçirəcəkləri növbəti oyuna hazırlaşacaq.

Hələlik gənc mütəxəssisin köməkçiləri müəyyənləşməyib. Ona ilk dövrdə “Turan”ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Nizami Ocaqverdiyev yardımçı olacaq. Talıbov köməkçilərini yaxın 2-3 gün ərzində müəyyənləşdirəcəyini söyləyib. Yeni baş məşqçi komandada maliyyə sarıdan heç bir problemin olmayacağını da əlavə edib.

Qeyd edək ki, Topaz Premyer Liqasında 8 turdan sonra “Turan” 7 xalla 9-cu pillədə qərarlaşıb. Tovuz təmsilçisi keçirdiyi oyunların 2-dən qələbə, 1-dən heç-heçə, 5-dən məğlubiyyətlə ayrılıb.

Elşən MƏMMƏDOV
# 1380

Oxşar yazılar