Mövsümün ən yaxşıları açıqlandı
10 oktyabr 2012 20:20 (UTC +04:00)

Mövsümün ən yaxşıları açıqlandı

Unibank Premyer Liqasında ayrı-ayrı nominasiyalar üzrə İdman Araşdırmalar Mərkəzinin keçirdiyi sorğunun qalibləri açıqlanıb. Lent.az-ın məlumatına görə, ən yaxşı qapıçı adına “Xəzər Lənkəran” klubunun və Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev layiq görülüb.

Mükafatı ona veteran futbolçu, “Neftçi”nin keçmiş qapıçısı Çingiz İsmayılov təqdim edib.

Ən yaxşı müdafiəçi adına hazırda “Xəzər Lənkəran”da çıxış edən, ötən mövsüm isə “Neftçi”nin heyətində çempion olmuş yığmamızın digər üzvü Ruslan Abışov layiq görülüb. Ona mükafatı Ağasəlim Mircavadov təqdim edib. O, çıxışında ona səs verənlərə təşəkkür edib. “Neftçi”dəki komanda yoldaşlarının da əməyini qiymətləndirən Abışov eyni uğuru “Xəzər Lənkəran”ın heyətində də qazanacağına ümidvar olduğunu söyləyib. Futbolçu mükafatı öz ad günündə alıb.

İlin yarımmüdafiəçisi adına “Xəzər Lənkəran”ın daha bir üzvü Adrian Pit layiq görülüb. Ona isə mükafatı boks üzrə olimpiya mükafatçımız Teymur Məmmədov təqdim edib.

Mövsümün asistenti adına ötən mövsümü “Neftçi”də keçirmiş, hazırda isə “Qəbələ”də çıxış edən yarımmüdafiəçi Rəşad Abdullayev layiq görülüb. Ona mükafatı sərbəst güləş yığmamızın böyük məşqçisi Firdovsi Umudov verib.

Mövsümün qolu adına ötən mövsümü “Kəpəz”də keçirmiş, hazırda isə “Sumqayıt”da çıxış edən yarımmüdafiəçi Ceyhun Sultanov layiq görülüb. Ona mükafatı olimpiya çempionu Fərid Mansurov verib.

Mövsümün bombardiri isə “Neftçi”nin hücumçusu Bahodir Nasimov olub. O,iştirak etmədiyindən, ötənlərin tanınmış hücumçusu Nazim Əliyev mükafatı klubun icraçı direktoru Mübariz Xudiyev verib.

İlin hücumçusu isə “Qarabağ”ın və millimizin forvardı Rauf Əliyev sayılıb. Ona isə mükafatı olimpiya çempionu Namiq Abdullayev verib.

Mövsümün tapıntısı qismində “Bakı”nın gənc hücumçusu Nurlan Novruzov fərqləndirilib. Novruzov yığmanın düşərgəsində olduğundan, klubun icraçı direktoru Yaşar Seyidova mükafatı Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov təqdim edib. Ən yaxşı oyunçu adına isə “Neftçi”nin yarımmüdafiəçisi Flavinyo layiq görülüb.

İlin baş məşqçisi isə “Neftçi”yə rəhbərlik edən Böyükağa Hacıyev sayılıb. Ona mükafatı Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov təqdim edib. Cəfərov təşkilatçılara təşəkkür edərək, “Neftçi”yə Avropa Liqasında uğurlar arzulayıb. Hacıyev isə ölkə prezidenti İlham Əliyev, AFFA prezidenti Rövnəq Abdullayevə və “dədəmiz” adlandırdığı klub prezidenti Sadıq Sadıqova minnətdarlıq edib.

Rusiyanın məşhur “Slivki” qrupu Bakıdadır. Lent.az-ın məlumatına görə, qrup üzvləri Beynəlxalq Muğam Mərkəzində Unibank Premyer Liqasının 2011-2012-ci il mövsümü qaliblərinin mükafatlandırma mərasimində sevimli mahnılarını ifa edib.

Onlar Bakıdakı hava şəraiti ilə yanaşı, zala toplaşanları da gözəl adlandırıblar: “Burada gözəl kişilər yığışıb”.

Qrupun bu sözləri alqışlarla qarşılanıb.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1006

Oxşar yazılar