Azərbaycan millisinin yeni baş məşqçisi açıqlandı
Yaxın günlərdə cüdo üzrə Azərbaycan milli komandasına yeni baş məşqçi təyinatı rəsmiləşəcək. Bu barədə Lent.az-a yığmamızın hazırkı baş məşqçisi Ağayar Axundzadə məlumat verib.
O bildirib ki, komandanın sükanı arxasına avstriyalı mütəxəssis Peter Zayzenbaxer gətiriləcək. Yeni baş məşqçi bir müddət öncə Azərbaycana gələrək, ölkəmizdə cüdonun maddi-texniki bazası ilə maraqlanıb. Zayzenbaxer cüdo yığmamızın hazırda məşq etdiyi “Atilla” İdman Klubunun zalını bəyənməyib və yeni bazanın tikintisinin vacibliyini bildirib. Onunla 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarınadək müqavilə bağlanılacaq. Bu müddətdə millimizə legioner cüdoçuların cəlb olunacağı da gözlənilir.
Axundzadə yenisi ilə əvəzlənməsini təbii qarşılayıb: “Hələ cüdoçularımız olimpiadada çıxışlarını başa vurduqdan sonra federasiya rəhbərliyi yeni baş məşqçi gətirmək istədiyini bildirdi. Mən də etiraz etmədim və bunu təbii qarşıladım. Çünki nəticə yoxdursa, dəyişikliklərin edilməsi gündəmə gəlir. Ən azı 2 olimpiya medalı gözlədiyimiz halda, Londonda cüdoçularımız bizi pis vəziyyətdə qoydular. 8 idmançımızdan 3-ü olimpiya çempionlarına uduzdu, Elnur Məmmədli isə özünü böyük britaniyalı Euan Bartonla növbəti mərhələ görüşünə hazırlamışdı. Ona görə də kanadalı rəqibi Antuan Valua-Fortieni ciddiyə almadı. Onun məğlubiyyətində rusiyalı hakim Vladimir Vostrikovun da rolu oldu. Çünki Vostrikov bilirdi ki, Elnur kanadalı və britaniyalı rəqiblərini keçsə, rusiyalı cüdoçu İvan Nifontovla qarşılaşa bilər. O hakim Məmmədlinin xeyrinə ikinci cərimə xalını qəsdən vermədi. Yekunda isə hakim qərarı ilə cüdoçumuz uduzdu. Amma bütün bunlar Elnurun məğlubiyyətinə bəraət qazandırmır. O, kanadalı rəqibini asanlıqla yenməli idi”.
Azərbaycanlı mütəxəssis yeni baş məşqçinin gəlişindən sonra özünün hansı vəzifədə çalışacağından xəbərsizdir. Bununla belə, Axundzadə deyib ki, yenə cüdoçuların hazırlığı ilə məşğul olacaq: “Mən Respublika Olimpiya İdman Litseyində məşqçiyəm. Yığmada vəzifə verməsələr, elə o litseydə işimi davam etdirəcəyəm”.
Zayzenbaxer idmançı kimi 1984-cü il Los-Anceles və 1988-ci il Seul Yay Olimpiya Oyunlarında, eləcə də 1985-ci il dünya və 1986-cı il Avropa çempionatında 86 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, baş məşqçi qismində Avstriya yığmasından sonra Gürcüstan milli komandasına da rəhbərlik edib. 52 yaşlı mütəxəssisin rəhbərliyi altında qonşu ölkə millisi 2012-ci il London Yay Olimpiya Oyunlarında 1 qızıl medal qazanıb.
Lakin olimpiadadan sonra onunla Gürcüstan Cüdo Federasiyası (GCF) arasında yeni müqavilə bağlanmayıb. Bunu isə Lent.az-a GCF-də prezident vəzifəsini icra edən Zurab Usupaşvili deyib. Usupaşvili federasiyada yeni prezident seçkisinin keçiriləcəyini və növbəti baş məşqçinin gürcüstanlı olacağını bildirib. O, Zayzenbaxerin millimizlə danışıqlar apardığını da təsdiqləyib: “Azərbaycanlı həmkarlarım bir müddət öncə Zayzenbaxerlə danışıq apardıqlarını demişdilər. Komandanızda Ağayar Axundzadə kimi baş məşqçi ola-ola niyə yenisini gətirmək istəyirlər?”
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Matvey Yegizarov isə Lent.az-a deyib ki, hələlik yığmada kimin baş məşqçi olacağı bilinmir. O, Peter Zayzenbaxerlə bağlı xəbəri nə təsdiq, nə də təkzib edib: “Bu məsələyə oktyabrın 4-dən sonra aydınlıq gələcək”.
Elşən MƏMMƏDOV

2130