Fatih Terim yenidən “Milan” yolunda?
28 sentyabr 2012 17:05 (UTC +04:00)

Fatih Terim yenidən “Milan” yolunda?

Türkiyənin “Qalatasaray” futbol klubunun baş məşqçisi Fatih Terim yenidən İtaliya “Milan”ının sükanı arxasına keçə bilər. Lent.az-ın “Milliyet”ə istinadən məlumatına görə, “rossonyerlər” hazırkı baş məşqçi Massimiliano Alleqrinin bu mövsüm verdiyi nəticələrdən narazıdır.

Bu komanda İtaliya çempionatının ilk 5 turunda 3 məğlubiyyətlə üzləşib, Çempionlar Liqasında isə qrup mərhələsinin ilk turunda Belçika “Anderlext”i ilə ev matçından heç-heçə ilə ayrılıb - 0:0. Klubun vitse-prezidenti Adriano Qalliani yaxın dostu olan Terimdən qışda, bu da alınmasa, mövsümün sonunda baş məşqçi vəzifəsinə gəlməyə razılığını almaq niyyətindədir. “Milan” rəhbərliyi komandanı yenidən formalaşdırmaq və növbəti mövsümdən heyəti başdan-ayağa dəyişdirmək niyyətindədir. İslahatlar çərçivəsində baş məşqçi postunu tutmağa ən münasib şəxs kimi Terimin adı çəkilir. 59 yaşlı mütəxəssisin oynatdığı hücum futbolunun komandadan soyuyan azarkeşlərə yeni həyəcan verəcəyi bildirilir.

Qeyd edək ki, Fatih Terim 2001-2002-ci il mövsümündə də “Milan”ın baş məşqçisi olub. O, İtaliya A seriyasında 9 matçdan 4 qələbə, 3 heç-heçə və 2 məğlubiyyətlə ayrılıb. Lakin klub rəhbərliyi türkiyəli mütəxəssisi mövsümün ilk dövrəsinin ortalarında italiyalı Karlo Ançelotti ilə əvəzləməyi qərara alıb. Terimin “Qalatasaray”la hazırkı müqaviləsi 2 ildən sonra başa çatır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1758

Oxşar yazılar