Topaz Premyer Liqası: “Qarabağ” AZAL şokundan Tovuzda ayıldı
24 sentyabr 2012 09:33 (UTC +04:00)

Topaz Premyer Liqası: “Qarabağ” AZAL şokundan Tovuzda ayıldı

Lent.az-ın məlumatına görə, çempionatın lideri AZAL “İnter”i qəbul edib.

Bakıdakı stadionların 17 yaşadək qızlar arasında dünya çempionatı iştirakçılarının ixtiyarına verilməsi səbəbindən, paytaxt derbisi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutub. Xüsusən son dəqiqələri gərgin keçən matçda baş hakim Anar Salmanov “İnter”in 4, AZAL-ln 3 futbolçusuna sarı vərəqə göstərib. Tərəflərin səylərinə baxmayaraq, hesab açılmayıb.

“Qarabağ” isə AZAL-ın xal itkisindən layiqincə yararlanmağı bacarıb. Ağdam komandası Tovuzda “Turan” üzərində minimal hesablı qələbəyə nail olub. 85-ci dəqiqədə təyin olunan penaltini “Qarabağ”ın kapitanı Rəşad Sadıqov dəqiq yerinə yetirib. Bununla da baş məşqçi Qurban Qurbanovun komandası ötən tur AZAL-a 2:6 hesablı məğlubiyyətin şokundan ayılıb və liderlər qrupunda üçhakimiyyətlilik” yaradıb. Hazırda AZAL və “Qarabağ”dan əlavə, “Simurq”un da 11 xalı var. Lakin “Simurq”la AZAL-ın ehtiyatda hərəyə bir oyunu var.

23 sentyabr

“Turan” – “Qarabağ” - 0:1

Qol:
Rəşad Sadıqov, 85-penalti ilə

Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Çətin oyun oldu, komandada müəyyən psixoloji sıxıntı var idi. O cümlədən də özümdə. Bizim üçün əsas 3 xalı qazanmaq idi, buna müdafiədə diqqətli oyunla nail olduq. Komanda sona kimi mübarizə apardı, oyun intizamını pozmadı. Qol vurmaq üçün imkanlar yaradırdıq. Hər iki komandaya gələcək oyunlarda uğurlar arzulayıram”.

Əsgər Abdullayev, “Turan” klubunun baş məşqçisi: “Futbolçularım meydanda əsl mübarizə apardılar, sona kimi vuruşdular. Verdiyimiz tapşırıqları sona kimi yerinə yetirməyə çalışdılar. Təəssüf ki, buna nail ola bilmədilər”.

AZAL – “İnter” - 0:0

Kaxaber Sxadadze, “İnter” komandasının baş məşqçisi:
“İlk öncə AZAL komandasında məşqçi işini qeyd etməliyəm. Vaqif müəllim çox güclü komanda yarada bilib, komandada oyun intizamı var. Havanın isti olmağı ilk hissədə hər iki komandanın oyununa təsirsiz ötüşmədi, sürət çox aşağı idi. Ötən tur “Qarabağ”a 6 qol vurmuş komandanı çox yaxşı öyrənmişdik. Oyun sxemini dəyişərək AZAL-ın iki güclü hücumçusunu neytrallaşdıra bildik. İkinci hissədə böyük üstünlüyə malik idik, qol epizodlarımız oldu. Fikrimcə, hesab oyuna görədir. Bu, taktikalar oyunu idi. Komandalar hücumdan müdafiəyə tez qayıdırdılar, bu da təhlükəli epizodların yaranmasının qarşısını alırdı. Qarşıda bizi çətin oyun gəzləyir, baxımlı oyunla qələbə qazanmağa çalışacağıq”.

Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “Oyun baxımlı alınmadı. Təbii örtüklü meydançada oynamaq müəyyən problem yaratdı. Çox güclü komandaya qarşı mübarizə apardıq. Qalib gəlib lider olmaq istəyirdik. Nildo və Taqim Novruzov zədəli halda oynayırdılar. Milli komandaların düşərgələrindən dönən futbolçuların fiziki durumu istədiyimiz səviyyədə deyil, bəziləri bu gün 18-liyə belə düşə bilmədi. Futbolçularımın fərdi səviyyəsi baxımlı oyun göstərməyə imkan vermədi. Məğlubiyyətsiz seriyamızı davam etdirdik. Çox sıx qrafiklə oynayacağıq, qarşıda bizi “Qəbələ” və “Xəzər Lənkəran”la çətin oyunlar gözləyir”.

Turun qalan oyunları sentyabrın 24-də olacaq:

18:00. “Simurq” (Zaqatala) – “Kəpəz” (Gəncə)
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, İsgəndər Əliyev, Feyzulla Feyzullayev
Zaqatala şəhər stadionu.

17:00. “Qəbələ” – “Rəvan” (Bakı)
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Ramiz Əsədov, Fərid Məmmədov
Qəbələ şəhər stadionu.

17:00. “Sumqayıt” – “Neftçi” (Bakı)
Hakimlər: Vüsal Əliyev, Mehman Mahmudov, Azər Əsgərov, Tahir Əhmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Qeyd edək ki, sentyabrın 25-də keçirilməli olan “Xəzər Lənkəran” – “Bakı” matçı təxirə salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1742

Oxşar yazılar