FİFA-nın tətbiq edəcəyi yeniliyin vaxtı məlum oldu
22 sentyabr 2012 13:31 (UTC +04:00)

FİFA-nın tətbiq edəcəyi yeniliyin vaxtı məlum oldu

Futbolda topun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirən texnologiya ilk dəfə klublararası dünya çempionatında tətbiq olunacaq. Lent.az-ın məlumatına görə, bu barədə FİFA prezidenti Yozef Blatter açıqlama verib.

O bildirib ki, yeni texnologiyanın milli federasiyalar tərəfindən də tətbiqi məcburi xarakter daşımayacaq: “Bu, federasiyaların öz istəyindən asılı olacaq”.

Blatter futbolda korrupsiya hallarına və danışılmış oyunlara qarşı mübarizə apardıqlarını da söyləyib. FİFA prezidenti bildirib ki, korrupsiya cəmiyyətin bütün sahələrində olduğu kimi, futbolda da var: “Futbol da cəmiyyətin məşğuliyyət sahələrindən biridir. Biz də korrupsiya hallarına qarşı mübarizə aparırıq. Futbol sahəsində 300 milyon insan çalışır. Bu, ABŞ əhalisi qədərdir. İstəməzdim ki, bu məsələdən danışım. Korrupsiya ümumi bir bəladır”.

Ali futbol qurumu rəhbərinin sözlərinə görə, danışılmış oyunlar daha çox aşağı səviyyəli futbol ölkələrinin çempionatlarında baş verir. Yüksək səviyyəli çempionatlarda bu, çox çətin olur. Blatter hamını danışılmış oyunlara qarşı mübarizə aparmağa səsləyib. O, futbolçuların əmək haqlarına məhdudiyyətlərin qoyulmasını da mümkünsüz sayıb: “Futbolda böyük pullar var. Futbolçuların maaşlarına məhdudiyyətlər qoya bilmərik. Çünki bütün dünyada əmək haqqı azad iqtisadiyyatdan asılıdır. Buna görə də məhdudiyyətlərin tətbiqi mümkün olmur”.

Qeyd edək ki, klublararası dünya çempionatı 6 – 16 dekabrda Yaponiyada keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 890

Oxşar yazılar