Rövnəq Abdullayev: “Azərbaycan yığmasının qarşısına müəyyən məqsədlər qoymuşuq”
21 sentyabr 2012 14:40 (UTC +04:00)

Rövnəq Abdullayev: “Azərbaycan yığmasının qarşısına müəyyən məqsədlər qoymuşuq”

Lent.az-ın məlumatına görə, Abdullayev FİFA prezidenti Yozef Blatterlə birgə keçirdiyi mətbuat konfransında yığmamızın cəmi 26 aydır formalaşdığını bildirib.

O, komandamızın yaxşı hazırlıq keçdiyini və kifayət qədər yoldaşlıq görüşü keçirdiyini söyləyib: “Millimizin qarşısına müəyyən məqsədlər qoymuşuq. İnanırıq ki, qızlarımız uğurlu nəticələr göstərəcəklər”.

Blatter isə həm yığmamızın, həm də digər komandaların qrupdan ¼ finala yüksəlməsinin çətin olacağını söyləyib. FİFA-nın qadın yarışlarının rəhbəri Tatyana Henni və çempionatın təşkilat komitəsinin üzvü Anastasiya Tsixlas da fikirlərini bildirib. Henninin sözlərinə görə, digər komandaların da oyun səviyyəsi yüksək olacaq. O, Azərbaycan yığmasına uğurlar arzulayıb. Tsixlas isə aparılan işlər kimi millimizin də yüksək səviyyədə çıxışına inam ifadə edib.

AFFA prezidenti çempionatın yüksək səviyyədə təşkilatçılığı üçün maksimum səylər göstərdiklərini də qeyd edib. O, inandığını bildirib ki, oktyabrın 13-dək davam edəcək mundial müddətində Azərbaycan öz qonaqpərvərliyini də nümayiş etdirəcək.

Çempionatın Yerli Təşkilat Komitəsinin sədri, AFFA-nın baş katibi Elxan Məmmədov isə deyib ki, hazırlıq müddətində yeganə problemləri mundialın tezliklə başlamasını səbirsizliklə gözləməkdən ibarət olub. O, bütün azarkeşləri stadionlara dəvət edib.

Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 22-də başlanacaq dünya çempionatında Kolumbiya, Nigeriya və Kanada ilə eyni qrupda yer alıb.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1322

Oxşar yazılar